AZ

“Mən söz verə bilmərəm”

Prinsipial oyunda “Səbail” üzərində qazandığı qələbə sayəsində sonuncu pillədən qurtulan “Kəpəz”in işləri yenə qaydasında getmir.

Gəncə təmsilçisi son 2 oyunda “Zirə”ylə “Neftçi”yə məğlub olmaqla qapısından 6 top buraxıb.

Görünən odur ki, elitada qalmaq uğrunda əsas mübarizə üç komanda – “Şamaxı”, “Səbail” və “Kəpəz” arasında gedəcək.

Əvvəlki iki mövsümdə hədəfin öhdəsindən gələrək Premyer Liqadakı yerini qoruyan “sarı-göylər”in bu dəfə məqsədinə çatacağı sual doğurur.

Çünki komandada sabitlik yoxdur. Üstəlik, bəzi futbolçuların qış fasiləsində komandanı tərk edəcəyi gözlənilir.

Əvvəlki illərdə “Kəpəz”in şərəfini qoruyan və elitada qalmağın sevincini yaşayan Yeqor Xvalko bu mənada nikbindir.

Belaruslu müdafiəçi işin çətin olduğunu desə də, inamlıdır:

“Artıq bu cür kritik anlarla bağlı böyük təcrübəyə sahibəm. Birinci ildə bəlkə də həyəcan var idi, artıq belə bir şey yoxdur.

Komandamızda vaxtilə Avropada oynamış kifayət qədər təcrübəli futbolçular var. Onlarla əl-ələ verib hədəfin öhdəsindən gəlmək çətin olmayacaq.

Hər bir futbolçu turnir cədvəlinə baxanda təhlükəni hiss edir və buna görə öz qarşısında cavabdehlik daşıyır.

Sözsüz, sona qədər üzərimizdə təzyiq olacaq. Hər dəfə meydana ayaq basdıqda, turnir cədvəlini gözlərimin önünə gətirib “uduzmaq haqqımız yoxdur” deyirəm.

Premyer Liqada qalacağımıza inanıram. Əvvəldən nəyəsə 100 faiz söz vermək olmur. Ancaq bunu bacaracağımıza inanıram. Dediyim kimi, bu mənada böyük təcrübəyə sahibik”.

17 turdan sonra aktivində 10 xal olan “Kəpəz” sonuncu pillədə qərarlaşan “Səbail”i 2 xal qabaqlayır.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr