AZ

Müsahibə Azərbaycan gerçəkliklərini də əhatə etdi, dünyəvi siyasəti də

 
Beynəlxalq jurnalistikanın subyekti həm də beynəlxalq münasibətlərdir. Beynəlxalq münasibətlər sistemində hər dövlətin özünəməxsus yeri var. Bu, onun gücü ilə, qüdrəti ilə, dövlətlərarası münasibətlərin dünyəvi proseslər əsasında davam etdirilməsində fəaliyyəti ilə, dövlətin bəşəriliyi və tolerantlığı ilə xarici siyasətində bəşəri dəyərlərin yaşadılmasını da əhatələməsi ilə, dövlət başçısının şəxsi və beynəlxalq siyasətdə nüfuzu ilə bağlıdır. Azərbaycan dövlət olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev dövlət başçısı olaraq həmişə dünyanın iri dövlətlərinin nüfuzlu tele-kanallarının diqqət mərkəzində olub. Bu fikirlər Bakı şəhərində keçirilən Cop29 beynəlxalq tədbirdə də öz ifadəsini tapdı. Son illərin Azərbaycan gerşəklikləri dünyəvi siyasətin yenə də əsas subyekti oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi də siyasi mahiyyəti baxımından bu tezislərin gerçək təzahürüdür.
Dmitri Kiselyovun “Qarabağda nə qədərsə erməni qalıbmı? İndi orada vəziyyət necədir?”sualı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin davamı kimi Azərbaycanın ədalətli müharibəsinin nəticələri haqqında sorğu olsa da mahiyyti İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda ermənilərə münasibət haqda bilgi almaq idi. Nə məqsədlə? – bu, o qədər də düşündürücü deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sualı belə cavablandırdı: “Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır. Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq”. Dövlət başçımız bu gerçəkliklərlə bir sırada onu da qeyd etdi ki, “...təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib”.
Regionda baş verən siyasi hadisələr müəyyən mənada qonşu dövlətlərin də siyasətinə, bəzən iqtisadiyyatına da təsir göstərir. Gürcüstan Azərbaycanla həmişə sıx siyasi və iqtisadi münasibətlərdə olub, bu münasibətlər qarşılıqlı ehtirama əsaslanıb. Necə deyərlər, bu iki dövlət üçün sevinc də, qəhər də ortaq olub. Bu yaxınlarda Güncüstanda baş verənlərə münasibət bildirməsi üçün Dmitri Kiselyovun “Hazırda Gürcüstanda baş verənləri Siz necə qiymətləndirirsiniz?” sualına cavabında dövlət başçımız dedi: “Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin...”. Dünya ictimiyyəti bu fikirləri yaxın qonşu, qarşılıqlı ehtiramla yaşanılan dövlətlərə arzu kimi dəyərləndirəcək. Azərbaycanla Gürcütan arasında ikitərəfli münasibətlər bundan sonra daha da yaxşılaşacaq...
Dmitri Kiselyovun Fransa ilə bağlı sualı, əslində, bu dövlətin Ermənistana hərbi yardımlarına yönəldilmişdi. Tarixi gerçəkliklər təsdiqləyir ki, İkinci Qarabağ müharibəsindən sonra Fransa Ermənistanın hərbi gücünün cəfakeşi olub, hərbi yardımdan daha çox əməkdaş dövlətin silahlanmasını təmin edən dövlət  kimi tanınmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ ilə bağlı olduqca cəsarətli, real və siyasi münasibətlərin saxlanılması baxımından nələrin dağıdıcı olduğunu xatırlatdı, bildirdi ki, “…bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi…”.
Rus dilinin Azərbaycanda mövqesi ilə bağlı suala cavabında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, possovet məkanında olduğu kimi, Azərbaycanda indi də rus dilinə münasibət ikiləşməyib, “…biz hər vəchlə çalışırıq ki, insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir...”.
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə Azərbaycan gerçəkliklərini də əhatə etdi, dünyəvi siyasəti də...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
phrase_var_article.chosen
25
3
newscenter.az

4phrase_var_article.sources