AZ

Kripto oğurluğu rekord səviyyəyə yüksəlib - "Reuters"

Kriptovalyuta platformalarının xakerlik yolu ilə oğurlanan vəsaitləri ötən ilə nisbətən 21% artaraq, 2024-cü ildə 2,2 milyard dollara çatıb. 

Valyuta.Az xəbər verir ki, bu barədə blokçeyn analizi üzrə ixtisaslaşmış "Chainalysis" şirkətinin cümə axşamı təqdim etdiyi hesabatda məlumat verilib.

Hesabata görə, oğurluq həcmi ardıcıl dördüncü ildir ki, 1 milyard dollar həddini keçib və hadisələrin sayı 2023-cü ildəki 282-dən 303-ə yüksəlib. Ötən il xakerlər 1,8 milyard dollar oğurlamışdılar.

Kripto oğurluqlarının artımı, bu il "Bitcoin" dəyərinin 140% artaraq 100 min dolları keçməsi ilə əlaqələndirilir. Bu artım institusional investorların bazara qatılması və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəstəyi ilə müşahidə olunub.

"Rəqəmsal aktiv bazarı böyüdükcə, kriptovalyutanın qeyri-qanuni istifadəsinin də artması adi haldır," - deyə "Chainalysis" şirkətinin kibercinayət araşdırmaları üzrə rəhbəri Erik Jardin (Eric Jardine) bildirib.  

"Xüsusilə, fırıldaqçılığın yayılmasının qarşısını almaq yeni ildə sənayenin əsas problemlərindən biri olacaq."

Hesabatda qeyd olunub ki, bu il xakerlər tərəfindən oğurlanan kriptovalyutaların əksəriyyəti istifadəçilərin aktivlərinə giriş imkanı verən şəxsi açarların sındırılması yolu ilə əldə edilib. Əksər hücumlar mərkəzləşdirilmiş platformalara yönəlib.

Ən diqqətçəkən xakerlik hadisələrindən biri 2024-cü ilin may ayında Yaponiyanın "DMM Bitcoin" kriptovalyuta birjasından 305 milyon dollar, iyul ayında isə Hindistanın "WazirX" birjasından 235 milyon dollar oğurlanması olub.

Hesabatda Şimali Koreya ilə bağlı kripto oğurluqlarının əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 2024-cü ildə rekord həddə - 1,3 milyard dollara çatdığı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, kriptovalyuta Şimali Koreyaya beynəlxalq sanksiyalardan yayınmağa imkan verir. Şimali Koreya isə kibercinayətlərdə və ya kripto oğurluqlarında iştirakını daim inkar edir.

Rəhim

Seçilən
13
valyuta.az

1Mənbələr