"Volkswagen" Almaniyadakı fabrikalarının fəaliyyətini davam etdirmək üçün işçi həmkarlar ittifaqları ilə razılaşma əldə etməyə yaxındır.
Valyuta.az xəbər verir ki, şirkət fabrikaları bağlamadan markanın yenidən qurulması istiqamətində razılığa gəlmək niyyətindədir.
Məlumata görə, şirkət rəhbərliyi işçilərin mükafat ödənişlərindən imtina etməsi müqabilində fabriklərin fəaliyyətini davam etdirmək və 2030-cu ilə qədər iş yerlərinin qorunmasını təmin edən razılaşmanı yenidən qüvvəyə mindirmək niyyətindədir.
Digər maliyyə qənaət tədbirləri arasında "Golf" modelinin Almaniyanın Volfsburq zavodundan Meksikaya köçürülməsi və Zvikau fabrikində "Volkswagen" markalı elektrik avtomobillərinin istehsalına son verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Almaniyanın məşhur avtomobil istehsalçısı "Volkswagen" hazırda ciddi böhranla üzləşib. Şirkətin üçüncü rübdə mənfəəti 41,7% azalaraq pandemiyadan bəri ən aşağı səviyyəyə düşüb. Bununla yanaşı, avtomobil tədarüklərində də 7,1% azalma qeydə alınıb. Bu vəziyyətin əsas səbəblərindən biri yüksək işçi xərcləri və zəif məhsuldarlıqdır. Məsələn, "Volkswagen" keçən il 9,4 milyon avtomobil istehsal etmək üçün 684 min işçidən istifadə edib, halbuki rəqibi "Toyota" eyni miqdarda istehsal üçün cəmi 375 min işçi çalışdırıb.
Şirkət xüsusilə Çin bazarında yerli markalarla rəqabətdə çətinlik çəkir. Bu səbəbdən, rəhbərlik Almaniyada xərcləri azaltmaq üçün ixtisarlar və maaşların kəsilməsi kimi tədbirləri nəzərdən keçirir. Lakin bu təkliflər işçilər tərəfindən narazılıqla qarşılanır və tətil hədələri ilə müşayiət olunur.
"Volkswagen" rəhbərliyi qiymətləri azaltmaq əvəzinə, avtomobillərin keyfiyyətli tərəflərini müştərilərə vurğulamaq və yeni avtomobil alan şəxslər üçün əlavə hədiyyə paketləri təqdim etməklə böhrandan çıxış yolu axtarır.
Bu böhran təkcə "Volkswagen"i deyil, ümumilikdə Almaniyanın avtomobil sənayesini və iqtisadiyyatını da təhdid edir. Avtomobil sənayesi ölkənin ÜDM-nin 5%-ni təşkil edir və təxminən 800 min nəfəri işlə təmin edir. Yüksək enerji qiymətləri, vergilər və yaşlanan əhali Almaniyanın istehsal gücünə mənfi təsir göstərir.
Paşa Məmmədli