Dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın «RİA Novosti» Agentliyi üçün «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, «Rossiya-1» televiziya kanalında «Vesti nedeli» proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində təkcə bölgədə deyil, bütün dünyada baş verən siyasi, ictimai hadisələri məntiqli araşdırmaları ilə təhlil edən Prezident İlham Əliyev beynəlxalq aləmdə mövqeyi möhkəmlənən, diplomatiyası dəstəklənən Azərbaycanın siyasi, iqtisadi, müdafiə qüdrətinin artdığını diqqətə çatdırdı.
Dünya düzəninin daha da gərginləşdiyi, Qərblə Rusiyanın üz-üzə gəldiyi son illərdə uğurlu diplomatiyası ilə Azərbaycanı sabit ölkəyə çevirən, xarici siyasətimizin prioritetlərini müsahibəsində reallıqlar əsasında təhlil edən Prezident İlham Əliyev bölgə dövlətləri, beynəlxalq təşkilatlar arasında mövcud olan ikitərəfli əlaqələrdən ətraflı bəhs etmişdir. Müsahibəsini 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bəndləri əsasında formalaşdıran dövlət başçımız iki ölkə arasındakı əlaqələrin dinamik inkişafla davam etdiyini bildirib. Suallara regionumuzda və bütövlükdə dünyada sürətlə dəyişən siyasi vəziyyəti müqayisə etməklə cavablandıran, təhlil edən Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, yaranan siyasi gərginlik Şimal qonşumuzla əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Adı çəkilən Bəyannamə Rusiya - Azərbaycan əməkdaşlığının, birgə fəaliyyətin məntiqi nəticəsi olmaqla bütünlükdə regional əhəmiyyətə malikdir. Qafqazda, eyni zamanda, Xəzər regionunda əsrlərdən bəri davam edən qonşuluq ənənələrinə sadiq qalan hər iki dövlət arasındakı etibarlı tərəfdaşlıq gələcəkdə də qarşılıqlı anlaşma şəraitində davam edəcək.
«Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tərəqqi, siyasi sabitliyin mövcudluğu, xalqlar arasındakı yaxınlıq qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərir. Son illərdə Cənubi Qafqazda sabitliyin pozulması üçün ABŞ-da Bayden administrasiyasının, Qərbin törətdikləri təxribatlar bu həmrəylik sayəsində iflasa uğrayır. Rusiya ilə Ukrayna arasında gedən müharibənin daha da şiddətlənməsi üçün kənardan edilən müdaxilələr, NATO amilindən istifadə ilə bağlı təhdidlər bölgədə narahatlığı artırsa da, hər iki tərəfdə insan ölümləri, şəhər və kəndlərin dağıdılması ilə nəticələnsə də heç kim Şimali Atlantika bloku ilə rəsmi Moskva arasında aşkar qarşıdurmanın yaranmasını istəmir. Bu cür qarşıdurma bölgədəki həmsərhəd ölkələr üçün fəlakətlə nəticələnə bilər. Buna görə də sabitliyin tərəfdarı olan ölkələr mümkün qədər barışdırıcı mövqe tutaraq kütləvi qırğınlarla nəticələnəcək daha ciddi fəsadların yaranmasının qarşısını almağa çalışır. Digər amillərə də aydınlıq gətirən Prezident İlham Əliyev « İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin» sözləri ilə bir daha sabitlik tərəfdarı olduğunu diqqətə çatdırdı.
Regionda siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycan bölgədə sabitliyin qorunmasına öz töhfəsini verir. Diplomatik səyləri ilə Qərbdə, istərsə də Şərqdə düşünülmüş xarici siyasət yürüdən Azərbaycan tamamilə müstəqil aktor kimi mövqeyini bildirir. «Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq» söyləməklə ötən illərdə olduğu kimi , hazırda da Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlərin ölkəmizdə keçirildiyini xatırladan dövlət başçımız belə mühüm tədbirlər üçün siyasi sabitliyi ilə fərqlənən Azərbaycana üçtünlük verlməsini təsadüfi deyil, düşünülmüş, əldə olunmuş razılığın məntiqə uyğun seçim kimi dəyərləndirir. Bir daha təsdiqlənir ki, Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən Azərbaycan kimi ölkələr çox deyil.
Artıq siyasətçilərin, təcrübəli dövlət xadimlərinin də etiraf etdikləri kimi, dünyanın yenidən qurulması uğrunda mübarizə gedir və proses şiddətlənir. Hətta Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğu ilə bağlı anonslar da eşidilir. Müharibələr Qərbin sivilizasiya ilə döyüşü kimi qəbul edilir. Mövqelərin, siyasi formasiyaların fərqinin açıq-aşkar duyulduğu, gücün beynəlxalq qanunları kölgədə saxladığı, sıxışdırdığı bu mübarizədə daha dəqiq hesablamalar, zamanla ayaqlaşmaq, XXI əsrin tələbinə uyğun savaşında qalib olmaq şansı yalnız müttəfiqlik baxımından qələbə ilə nəticələnə bilər. Müsahibəsində ölkəmizin Türkiyə ilə müttəfiqlik münasibətlərinə böyük dəyər verdiyini diqqətə çatdaran Prezident İlham Əliyev qardaş ölkə ilə 1992-ci ilin əvvəlindən təməli qoyulan hərbi əməkdaşlığın davam etdirildiyini qürurla səsləndirib. Qeyd edib ki, zərurətdən asılı olaraq formalar dəyişsə də 30 ildən artıq müddətdə rəsmi Ankaranın müdafiə strukturları Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsində, döyüş qabiliyyətinin artmasında, əməliyyatların planlaşdırılmasında, hərbi kəşfiyyatın potensialının yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar: «Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.»
Müsahibəsində Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bəndi xatırladan Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan da Türkiyə də Müttəfiqlik Bəyannaməsində qeyd olunan öhəliklərinə sadiqdirlər. Yəni, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, hər iki qardaş ölkə biri-birinə köməyə gəlməlidir: «Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.»
Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı sualı mövcud vəziyyətə açıqlama gətirməklə bildirən, Qərbin, daha doğrusu, ABŞ-ın, Fransanın, Almaniyanın, Hindistanın region üçün ciddi təhlükə yaradan rəsmi İrəvana hərbi dəstəyi ilə bağlı fiikirlərini diqqətə çatdıran cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi ölkəmizin siyasi, hərbi, informasiya təxribatlarına cavab verəcək qüdrətdə olduğunu vurğulayıb. Ermənistanı yeni müharibəyə təhrik edən, birtərəfli dəstək rolunu tutan Fransa hökumətinə və Bayden administrasiyasına Cənubi Qafqaz respublikalarına balanslı yanaşmanın yarada biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edilib. «Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik» sözləyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan «humanitar yardım» adı ilə rəsmi İrəvanın öldürücü silahlarla təmin olunmasına səssiz qalmayacaq və ölkəmiz təxribatlara hər zaman adekvat cavab vermək qüdrətindədir.
Bunun üçün əsaslar da vardır. İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrimiz ən müasir hərbi avadanlıqlarla təmin edilir. Yeni komando birləşmələri yaradılır. 2025-ci ildə hərbi büdcəmiz üçün ayrılacaq beş milyard dollar vəsaitlə müdafiə qüdrətimiz daha da güclənəcək. Reallıq budur ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq Azərbaycana qarşı törədilən təxribatlarla arxayınlaşan Ermənistana lazımi məqamda heç kim kömək etməyəcək. Bu həqiqət İkinci Qarabağ müharibəsində, ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror əməliyyatlarında təsdiqləndi. «Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın» sözləri ilə Qərbin guya sülh sazişinin imzalanmasına «dəstəyi» ilə Ermənistanı silahlandırma prosesinin fərqli kurs olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Avropa İttifaqının Mülki Müşahidəçilər Missiyasının NATO missiyasına çevrilməsini, oraya Kanada nümayəndələrinin də əlavə olunmasını sülh sazişinin imzalanmasına təhdid kimi dəyərləndirib. Vurğulanıb ki, bu kimi mərkəzdən yayınma oyunu Ermənistanı fəlakətə aparır. Bəllidir ki, ən müasir, bahalı hərbi avadanlıqları nağd almaq üçün Ermənistanın tələb olunan səviyyədə maddi imkanları yoxdur. Silahların Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq Ermənistanın hərbi qüdrəti xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən Azərbaycanın güclü ordusu qarşısında tab gətirmək imkanları məhduddur. Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq Azərbaycana qarşı planlaşdırılan istənilən təxribatlar da Ermənistana kömək etməyəcək. Bunu Vaşinqtondakı sorosçular daha yaxşı bilirlər. Vaxt varkən məkrli planlarda sülh naminə korrektlər edilməsi ən çox Ermənistana xeyir verər. Sülh sazişi ilə bağlı 17 maddədən ibarət sənədin 15-i ilə bağlı razılığın əldə olunması sonrakı mərhələlərə «yaşıl işıq» yandıra bilər.
Həmin maddələri «Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır» sözləri ilə izah edən Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad ləğv olunmalıdır. Çünki konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. İkinci şərt artıq çoxdan fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Ermənistan razılığını bildirməlidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. «Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir» sözləri ilə sülh sazişinin imzalanmasına süni əngəl yaradan bu problemlərin rəsmi Vaşinqton, Qərb, xüsusilə Fransa və Almaniyanın təhrikləri ilə yubadıldığını bildirən Prezident İlham Əliyev bu cür hərəkətlərin Ermənistan üçün fəlakətlə nəticələnəcəyini müsahibəsindəki məntiqli açıqlamaları ilə qarşı tərəfin diqqətinə çatdırır.
Xuraman İsmayılqızı, «İki sahil»