AZ

Yeni dövlət büdcəsinin nə qədəri sosialyönümlüdür?

Gələn ilin əsas maliyyə sənədinin xərclərində ciddi artımlar mövcuddur

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manatdır. Əvvəla qeyd edək ki, burada diqqətçəkən önəmli məsələ odur ki, gələn ilin dövlət büdcəsində xərclərin azaldılması halları yoxdur. Əvəzində bir çox sahələrdə dövlətin iqtisadi imkanları nəzərə alınmaqla xərclər artırılır. Xatırladaq ki, dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat olmaqla ÜDM-in 29,7 faizini təşkil edir və bu, 2024-cü illə müqayisədə 5,3 faiz çoxdur. Xərclər isə 41367,6 milyon manat olmaqla 4,1 faiz çoxdur. Büdcənin belə artımı 2025-ci ildə dövlətimizin qarşısına qoyduğu bir çox məsələlərin həyata keçirilməsinə maddi təminat yaradacaq”.

Bundan başqa, hazırda gələn ilin yeni büdcəsində əsas prioritet müdafiə xərclərinə ayrılan vəsaitlərin artırılmasıdır. Ona görə ki, bu sahənin inkişafı və möhkəmlənməsi həm  bərpa olunan suverenliyimizin, həm də  hərbi qüdrətimizin artırılması üçün vacib elementlərdir. Belə ki, 2025-ci ilin dövlət büdcəsində müdafiə, təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri 11601,5 milyon manat olmaqla 13,65 faiz çox nəzərdə tutulur. Ordumuzun müdafiə qabiliyyətinin artırılması, müasir silahlarla təmin edilməsi və müdafiə sənayesinin inkişaf etdirilməsi olduqca vacib məsələdir. Çünki Ermənistan sürətlə silahlanır və rəsmi İrəvan revanşizm meyillərini gücləndirir. Bu işğalçı ölkə hazırda sülh müqaviləsi imzalamaqdan boyun qaçırmaqla ordusunu gücləndirir. Məlum proseslər bizim üçün bir növ çağırış sayılır və ona görə də heç vaxt Ermənistan silahlı qüvvələrinin bizim müzəffər ordumuzdan güclü olmasına imkan verməməliyik və verilmir də...

Yeni dövlət büdcəsində  təhsil, səhiyyə,  sosial müdafiə və sosial təminat sahələrində artımlar mövcuddur. Belə ki,  büdcənin 41 faizi sosialyönümlü xərclərdir. Bu da 2024- cü ilin dövlət büdcəsi ilə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz çoxdur.  Xüsusilə təhsil xərcləri 4946,1 milyon nəzərdə tutulmaqla 2024-cü illə müqayisədə 8,75 faiz, elm sahəsi üzrə xərclər 244,4 milyon manat olmaqla 3,5 faiz, səhiyyə xərcləri 1999,4 milyon manat olmaqla 7,1 faiz , sosial müdafiə və sosial təminat xərcləri 4811,8 milyon manat olmaqla 9,65 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid xərclər 635,3 milyon olmaqla 10,4 faiz  çox nəzərdə tutulur.

Prezident İlham Əliyevin imzaladığı Böyük Qayıdışa dair Dövlət Proqramı hazırda uğurla icra olunur. Azərbaycan dövləti  öz iqtisadi imkanları hesabına  işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dörd ildə  19 milyard manata qədər vəsait ayırıb. Bu gün işğaldan azad olunmuş ərazilər sanki böyük quruculuq, tikinti meydanına çevrilib. Yeni şəhərlər və kəndlər qurulur. Beynəlxalq hava limanları, avtomobil və dəmir yolları yenidən tikilib bərpa olunur. Kiçik su elektrik stansiyaları qurularaq dövriyyəyə buraxılır. Ağdam və Araz vadisi sənaye parklarında tikinti işləri sürətlə  işləri aparılır. Torpaqların güzəştli şərtlərlə icarəyə verilməklə yenidən dövriyyəyə qaytarılması prosesi də aparılır. Bütün bu işlərin sürətlə həyata keçirilməsi üçün təbii ki, maddi təminat vacib idi.  2025-ci ilin dövlət bütcəsində də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, 2026-cı ilin sonuna kimi isə 140 min keçmiş məcburi köçkün və qaçqının qayıdışı təmin olunacaq.

Qeyd edək ki,  yeni büdcənin tərtib olunmasında neft qiymətlərinin nəzərə alınması məsələsində fərqlilik var. Yəni, əvvəlki illərdə  neftin qiyməti 60 dollar götürülürdüsə, yeni büdcədə bu rəqəm 70 dollara qaldırılıb. Məlumdur ki, əvvəlki illərdə aşağı qiymətlər nəzərə alınırdı və daha sonra yay aylarında neft qiymətlərinə uyğun yenidən büdcəyə baxılaraq həm gəlirlərlə bağlı prqonozlar artırılır, yenilənirdi, həm də buna müvafiq olaraq xərclər çoxaldılırdı. Hazırda büdcədə neftin qiymətinin 70 dollardan  yuxarı hesablanması riskli hesab edilir. Lakin qlobal maliyyə institutlarının, həm də beynəlxalq neft ekspertlərinin, yerli mütəxəssislərin təhlili onu deməyə əsas verir ki, illik göstəricilər üzrə neft qiymətlərinin orta statistik göstəricisi 70 dollar üzərində olması ehtimalı çox böyükdür. Ona görə də büdcədə neftin qiymətinin 70 dollardan götürülməsi məqsədəuyğun hesab edilib.

Elçin Zaman, «İki sahil»

Seçilən
10
ikisahil.az

1Mənbələr