AZ

Sülh müqaviləsi üçün iki mühüm şərt

Ermənistan bununla ya razılaşmalıdır, ya da...

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bir çox məqamlara toxunduğu kimi, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də münasibət bildirdi. Ölkəmizin lideri məsələ barəsində söz açarkən, iki mühüm məqamın üzərində dayandı ki, əslində, bu mövqeyi əvvəllər də səsləndirmişdi. Prezidentin hazırda həmin məsələləri yenidən gündəmə gətirməsi isə Azərbaycan dövlətinin prinsipial və qətiyyətli yanaşmasından geri çəkilməyəcəyinin növbəti sübutudur.

Ermənistan rəhbərliyində təmsil olunanlar Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri ciddi şəkildə diqqətə almalı və birmənalı şəkildə bilməlidirlər ki, həmin şərtlər yerinə yetirilməyəcəyi təqdirdə, Bakı İrəvanla sülhə razılaşmayacaq. Şərtlər isə sadədir. Birincisi, Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi, ikincisi, ATƏT-in canını tapşırmış Minsk qrupunun rəsmi şəkildə ləğvi. Beləliklə, ikinci şərtdən başlayaq.

Prezident İlham Əliyev bildirib: “Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Bəli, ATƏT-in Minsk qrupu rəsmən ləğv olunmalıdır. Bunun hansısa alternativi olmamalıdır. Bir halda ki, Ermənistan rəsmiləri, o cümlədən, baş nazir Nikol Paşinyan bütün beynəlxalq platformalarda Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edir, deməli, bu məsələ ilə bağlı bütün təsisatların ləğvi mütləqdir. Bunun baş verməməsi, istər-istəməz, sülhü şübhə altına alır. Dövlətimizin başçısının da vurğuladığı kimi, Ermənistan Azərbaycanın şərtini qəbul etmək istəmirsə, deməli, ölkədəki revanşistlərin avantürist planları var. Həmin avantüristlər isə erməni iqtidarının tərkibində də yer alırlar. Onları başqa haradasa axtarmağa ehtiyac yoxdur. Paşinyan administrasiyası səmimidirsə, bütün şübhəli məqamlara aydınlıq gətiməli, eyni zamanda, şübhələri özündən uzaqlaşdırmalıdır. Nəzərə almalıdır ki, otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti yürüdən və bu səbəbdən reputasiyası pozulmuş ölkə Ermənistandır.

Bəli, Rəsmi İrəvan etimad quruculuğu tədbirlərini gücləndirməlidir, bu, öz yerində. Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun ləğvi tələbinə digər aspektdən də yanaşır və belə bir suala cavab axtarırıq: 44 günlük müharibə nə üçün baş verdi? Sual ritorikdir, çünki cavab bəllidir. O zaman başqa sualın üzərində dayanaq: Savaş olmaya bilərdimi? Təbii ki, Ermənistan danışıqlarda konstriktiv mövqe tutsaydı, destruktiv davranmasaydı, baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməsəydi, qanlı qarşıdurma da yaşanmayacaqdı. Ancaq olanlar oldu. Azərbaycan şəhid verdi, zəfər qazandı, öncə ərazi bütövlüyünə, 2023-cü ilin sentyabrında isə suverenliyinə qovuşdu. Ancaq bu gün rəsmi İrəvan 44 günlük müharibənin Ermənistan üçün məğlubiyyət şərtini qəbul etmir. Yəni, Paşinyan bildirir ki, savaşa son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ölkəsinə məğlub dövlət olaraq yanaşmağa əsas vermir.

Ermənistan məğlubiyyətini qəbul etmirsə, deməli, yeni müharibə axtarışındadır və hazırda rəsmi İrəvanın tutduğu kurs fikrimizin sübutudur. O zaman Azərbaycan nə etməlidir? Əlbəttə, acınacaqlı məğlubiyyətlə üzləşdiyini anlamayan psixopatlar yığınına məsələnin mahiyyətini təfsilatı ilə anlatmalıdır. Elə məhz buna görə Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi üçün müraciət etməlidir.

Anlayırıq ki, haqqında söz açdığımız müraciət Ermənistanda növbəti rüsvayçılıq kimi qiymətləndiriləcək. Amma hər şeyin bir cəzası olmalıdır. Vaxtilə Hitler Almaniyası məğlub olanda da onun üzərinə ağır şərtlər qoyuldu. Hələ biz erməni işğalı nəticəsində Azərbaycana dəymiş 150 milyard dollarlıq ziyanı demirik. Hərçənd, Prezident İlham Əliyev müsahibəsində bu məqama da toxundu, daha doğrusu, onu ustalıqla eşitdirdi.

Əlqərəz, bir halda ki, üçtərəfli bəyanat məğlubiyyət deyil, o zaman ATƏT-in Minsk qrupunun ləğvi məğlubiyyət prezumpsiyasını təsdiqləməlidir. Ermənistan buna getməyə, sadəcə, məhkumdur. Ona görə ki, sözügedən təsisatın ləğvi də Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yoxluğunu təsdiqləyən məqamdır. Yenə də bildirək ki, rəsmi İrəvanın nümayəndələri mövqelərində səmimi olmalıdırlar. Əgər olmaq istəmirlərsə, ATƏT-in Minsk qrupu formatı çərçivəsindəki müzakirələr gündəliyi ilə bağlı xam xəyallara dalırlar. Xəyallar isə bir qayda olaraq, illüziya yaradır. Söhbət avantürist illüziyadan gedir.

Prezident İlham Əliyevin Ermənistan üçün müəyyənləşdirdiyi ikinci sülh şərtinə diqqət yetirək. Söhbət rəsmi İrəvana qarşı qoyulan konstitusiya dəyişikliyi tələbindən gedir. Dövlətimizin başçısı müsahibəsində bildirib: “Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.

Məlum olduğu kimi, Ermənistan konstitusiya məhkəməsi bir neçə ay əvvəl ölkənin istiqlaliyyət bəyannaməsinin ana qanunda yer almayan müddəalarının etibarsız sayılmasına dair qərar çıxardı. Rəsmi İrəvan bunu Bakının tələbinin yerinə yetirilməsi kimi qiymətləndirir. Məsələ barədə N.Paşinyan bir neçə dəfə söz açıb və bildirib ki, belə bir qərardan sonra konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Halbuki, onun yanaşması yanlışdır. Əvvəla, Ermənistan konstitusiyası istiqlaliyyət bəyannaməsinə istinad yüklüdür. Yəni, bir məhkəmə qərarı bunun əksini iddia etmək ümün əsas götürülə bilməz, çünki istənilən an həmin qərar, belə demək mümkünsə, asan mübahisələndirilə bilər. Durumu erməni iqtidarı da çox gözəl bilir.

Azərbaycan problemə köklü yanaşır. Bu yanaşma ona görədir ki, ölkəmiz Ermənistanın gələcəkdə Azərbaycana qarşı heç bir iddiaya düşməyəcəyi ilə bağlı maksimal təminat axtarışındadır. Belə təminat isə konstitusiya dəyişikliyindən keçir. O dəyişiklikdən ki, erməni xalqının iradəsi ilə referendum yolu ilə gerçəkləşməlidir. Yəni, Ermənistan dövləti və xalqı Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını ən yüksək səslə bəyan etməlidir. Amma bunu etmir və ölkədəki revanşist qüvvələrin aktiv olduğunu görürük. Ən pisi isə ondadır ki, rəsmi İrəvan mahiyyət etibarilə həm revanşistlərin təsiri altına düşür, həm də ərazi iddiası məsələsi erməni amilinin regionda saxlanılmasında maraqlı olan xarici qüvvələr üçün vaciblik indiqatoru ampluasındadır.

“Prinsipcə bunlar (konstitusiya dəyişiklikyi və ATƏT-in Minsk qrupunun ləğvi – red.) hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq”, – deyir Prezident İlham Əliyev. Yaxşı olar ki, Ermənistan hakimiyyəti dövlətimizin başçısının göstərdiyi tələbləri yerinə yetirmək barədə düşünsün. Təəssüf ki, hələlik, bu düşüncəni görmürük. Əksinə, İrəvanda bir yandan sürətli silahlanma xəttinə üstünlük verilir, digər yandan isə referendumu konstitusiya dəyişikliyi aparmaq üçün yox, Avropa İttifaqına qoşulmaq kimi mənasız məsələ ilə bağlı keçirməkdən dəm vurulur. Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanla sülhə gəlməkdən uzaqdır. Belə olduqda və destruktiv mövqe tutmağa davam etdikdə ölkəni nələr gözləyir? Prezident İlham Əliyev bu barədə də kifayət qədər aydın mesajlar verdi, son dərəcə qətiyyətli fikirlər sələndirdi. Nəticə çıxarmaq növbəsi Ermənistanındır.

Ə.CAHANGİROĞLU
XQ

phrase_var_article.chosen
22
xalqqazeti.az

1phrase_var_article.sources