Serbiyanın “Vaseljenska” saytı Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlərə geniş yer ayırıb. SİA xəbər verir ki, yazılarda Prezident İlham Əliyevin müsahibəsi zamanı Cozef Borreli Azərbaycandan uzaq durmağa çağırdığı, Ermənistanla bağlı, eləcə də Gürcüstandakı mövcud siyasi vəziyyətə toxunduğu, ölkəmizlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını vurğuladığı bildirilir.
Azərbaycan Prezidentinin Cozef Borrellə bağlı bu fikirlərinə yer verilib: “Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”.
Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev Gürcüstandakı mövcud siyasi vəziyyətə toxunaraq, bunu Qafqaz uğrunda döyüşün tərkib hissəsi kimi qiymətləndirib: “Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir”.
“Bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...
Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”, - deyə Azərbaycan Prezidentinin müsahibəsində qeyd etdiyi bildirilir.