"Biz kitabların mənəvi övladıyıq. Bu gün nə qədər yeni kitab növləri yaranırsa bir o qədər qədim kitabların qiyməti artır. Baxmayaraq ki, biz ədəbiyyat adamıyıq, amma hər dəfə kitab sərgisində yeni nəsə tapırıq, klassik ədəbiyyatımızın nəşr olunan yeni nümunələri, yeni müəlliflər ilə tanış oluruq".TehsilForumu.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunu bu gün keçirilən ANAİB I Bakı Kitab Festivalında çıxışı zamanı xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu gün kənd məktəblərində kitabxanaların vəziyyəti qənaətbəxş deyil.“Azərbaycan kəndinin taleyini düşünəndə həm də kitabın taleyini, kitabın getdiyi yeri düşünürəm. Kənd məktəblərinə kitablarımızın getməməsi narahatlıq yaradır. Kitablar üçün nəşriyyata sifariş verilmir, ona görə də kitab 300-500 nüsxə çıxır. Belə sərgilər bizi sevindirir, ancaq biz o vaxt sevinməliyik ki, bu kitablar gedib əsl sahibinə - onu sevən, oxuyan insanlara çatsın”.O, çıxışı zamanı məktəb dərsliklərində təqdim olunan ədiblərimizdən də danışıb:"Yeni təhsil sistemində dərsliklərdə humanitar sahələrin – ədəbiyyatın, tarixin yeri azalır. Dəqiq və təbiət elmlərinə daha çox yer ayrılır. Uşaqlarımız yalnız məktəb dərslikləri ilə, orada təqdim olunan ədiblərimizlə kifayətlənməsinlər. Məktəbdən kənarda elə bir şərait yaradılmalıdır ki, Azərbaycan ədəbiyyatının bütün mənzərəsi görünsün. Ədəbiyyatımızın siması çox genişdir, bunu da yalnız kitabların yolu ilə təqdim etmək olar".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta