AZ

Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd edilib

Paris, 20 dekabr, AZƏRTAC,

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, səfir Leyla Abdullayeva çıxış edərək, 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən bu bayram münasibətilə diaspor üzvlərini təbrik edib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi ideyasını, onların təşkilatlanmasını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyevin bu istiqamətdə misilsiz xidmətlərini vurğulayıb.

Səfir Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, onun əsas məqsədinin azərbaycanlıları birliyə, əməkdaşlığa çağırmaq olmasından söz açıb, Fransa kimi bir ölkədə Azərbaycan icmasının həmrəyliyinin böyük əhəmiyyət kəsb etdiyini deyib. Səfir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlıların birlik, həmrəylik və qürur rəmzinə çevrilib. 2023-cü ildən Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Böyük Zəfər ölkəmizin tarixində yeni səhifə açdığı kimi, xaricdə yaşayan soydaşlarımızı birləşdirən diasporumuzun fəaliyyətində yeni dövrün əsasını qoyub. Vətən müharibəsi diasporumuzu daha da mətinləşdirib.

Tədbir Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatına layiq görülmüş “Simurq” muğam ansamblının konsert proqramı ilə davam edib. Əməkdar artist Kamran Kərimov (nağara), Zəki Vəliyev (tar), Elnur Mikayılovun (kamança) müşayiəti ilə tanınmış xanəndə Mirələm Mirələmov “Küçələrə su səpmişəm”, “Azərbaycan maralı”, “Söz olmasaydı” kimi Azərbaycan xalq mahnılarını, “Qarabağ”, “Yaşa Azərbaycan” mahnılarını ifa edib.

Konsert zamanı rəssam Rövşən Nur Azərbaycanlıların Həmrəylik Gününə həsr edilmiş tədbirdə soydaşlarımızın həmrəyliyini əks etdirən əsərini çəkib.

Tədbirdə Fransadakı diplomatlarımız, Azərbaycan diasporasının üzvləri, bu ölkədə təhsil alan gənclər iştirak ediblər.

Tədbir bayram süfrəsi ilə başa çatıb.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

phrase_var_article.chosen
27
6
azertag.az

8phrase_var_article.sources