Xəstəxanada yaşanan qalmaqallara yenisi əlavə edilib.
News24.az Söz.az-a istinadən xəbər verir ki, bu dəfə Türkiyənin Vanda bölgəsində yerləşən Lokman Hekim Xəstəxanasında təmizlik işçilərinin bəzi əməliyyatlara qatıldığı iddia edilib.
Xəstəxanadan yayılan görüntülərdə adı açıqlanmayan təmizlik işçisinin əməliyyat zamanı xəstəyə müdaxilə etdiyi, keysəriyyə zamanı həkimin köməkçisi kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
Başqa bir görüntüdə isə eyni şəxsin beyin əməliyyatında başqa bir cərraha kömək etdiyi ortaya çıxıb.
İbtidai məktəb məzunu olan həmin şəxsin tibblə bağlı heç bir təhsili yoxdur.
Həmin xəstəxananın əməkdaşı bu iddiaları təsdiqləyib. O, “Adları artıq çəkilən şəxslər bizim tanıdığımız və diplomu olmayan işçilərdir. Hətta onlardan birinin əməliyyat zamanı proseduru təkbaşına və həkimsiz həyata keçirdiyinə dair qeydlər var. Diplomlarının olmadığını onlar özləri də təsdiq ediblər. Bütün bunlardan isə xəstəxana rəhbərliyi xəbərdardır” – deyib.
İttihamları rədd edən xəstəxana rəhbərliyi təmizlik işçilərinin reqlamentə uyğun olaraq əməliyyat otağına daxil ola biləcəyini, xəstələrə müdaxilə edə bilməyəcəyini, müvafiq qaydalara əməl edildiyini bildirib.