İqtisadçı deyir ki, aqrar sahədə fəaliyyət göstərən insanlara vergi tətbiqi qeyri-neft sektorunun inkişafına təkan verəcək
Milli Məclisdə “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunu layihəsinin son oxunuşda müzakirəsi aparılıb və müzakirələrdən sonra qəbul edilib. Qeyd edək ki, Vergi Məcəlləsində 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir. Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur.
Qeyd etmək yerinə düşər ki, əsasən regionlarda sahibklarlıq fəaliyyətinin inkişafı ilə bağlı müəyyən dəyişikliklərin edilıməsi zərurəti var idi. Bəs yeniliklər regionlar üçün nələr vəd edir?
Yeri gəlmişkən, bundan əvvəl Vergi Məcəlləsinə edilən dəyişikliklər 2024-cü il 1 yanvarından qüvvəyə minmişdi. Bu dəyişikliklər regionlarda iqtisadi fəallığın artırılması və yerli sahibkarlığın dəstəklənməsi məqsədi daşıyırdı. Rəsmi mənbələrdə qeyd edilir ki, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün müəyyən vergi güzəştləri və azadolmalar tətbiq edilib. Bu, xüsusilə kənd təsərrüfatı və emal sənayesi sahələrində fəaliyyət göstərən müəssisələrə şamil olunur. Regionlarda yeni istehsal və xidmət sahələrinin yaradılmasını stimullaşdırmaq məqsədilə investisiya təşviqi mexanizmləri gücləndirilib. Bu çərçivədə, müəyyən investisiya layihələri üzrə vergi güzəştləri nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün xüsusi vergi güzəştləri və azadolmalar nəzərdə tutulurdu. Bu, həmin ərazilərin iqtisadi inkişafını sürətləndirmək məqsədi daşıyırdı.
Ümumiyyətlə, bütün dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, regionlarda iqtisadi fəallıq artırılsın, yeni iş yerləri yaradılsın və yerli sahibkarlıq inkişaf etsin.
Eyyub Kərimli
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Ümumiyyətlə, bu dəyişikliklər, güzəştlərin tətbiq olunması ölkədə bir çox sahələrin fəaliyyətini stimullaşdıracaq, xüsusilə də aqrar sahəni, orta biznesi. Gəlirlərdən vergi azad olması yenə tətbiq olunacaq. 45 min manat dövriyyəsi olan sahibkarlar, bura individual sahibkarlıqla məşğul olanlar - dizaynerlər, rəssamlar, ustalar, təhlilçilər, təlimçilər, jurnalistlər və sairə bu qəbildən olan insanların fəaliyyətini stimullaşdıracaq. Bundan qabaq onlar 3 işçi götürməli idilər. Dövriyyədən 20 faiz vergi ödəməli idilər, bu da onlara çətinlik yaradırdı. Bundan sonra vergi yükü azalacaq. Ən əsası aqrar sahədə fəaliyyət göstərən insanlara vergi tətbiq edilməsi qeyri-neft sektorunun inkişafına stimul verəcək. Xüsusilə də regionlarda kənd təsərrüfatı sahəsində çalışan insanların həm vergi ödəyicisi kimi qeydiyyata götürülməsi, həm də sosial sığorta imkanlarının yaradılmasına imkan verəcək. Bir tərəfdən də, ticarət mərkəzində işləyənlərin vergiyə cəlb olunması nəzərdə tutulur. Bu, orada fəaliyyət göstərən insanların maliyyə yükünü artıracaq. Çünki əvvəllər onlar daha çox icarənin içində vəsaitlərini ödəyirdilər. Ticarət mərkəzləri özləri ödənişləri edirdi. Buna görə də həmin ticarət mərkəzlərində icarə haqları çox baha idi. İndi sahibkarlar fərdi şəkildə vergi ödəyəcəklərsə, onların icarə haqları inanmıram ki, aşağı enə. Aşağı enməlidir. Ümumiyyətlə, Vergi Məcəlləsində təkmilləşdirmələr vergi inzibatçılığının şəffaflaşdırılmasına təsir edəcək”.
Qeyd edək ki, sahibkarlıq subyektləri ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsində bu istiqamətdə bu kimi vergi güzəştləri nəzərdə tutulub:
Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi;
Torpaqdan istifadə hüququnun başqasına verilməsinin və torpaq sahələri üzrə icarə haqlarının ƏDV-dən azad edilməsi;
Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 10 faizdən 5 faizə endirilməsi;
Bəzi xidmət sahələri üzrə (tərcümə, reklam xidməti, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, turizm bələdçiliyi, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti və s.) illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə (işçi sayı və MDSS borcu) şərtləndirilmədən tətbiq edilməsi;
Teatr, kino, muzey və simfonik orkestr fəaliyyətinə mənfəət (gəlir), torpaq vergiləri üzrə güzəştlərinin verilməsi, habelə teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin fiziki şəxs istehlakçılara geri qaytarılması;
Kənd təsərrüfatı məhsullarının satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin daha 2 il müddətinə uzadılması.
Yazını hazırladı: Afaq MİRAYİQ