AZ

“Əli və Nino” əsərindən XXI əsrə baxış

Adətən hər hansı bir əsərdən danışanda  önündə əsərin müəllifini qeyd edirlər. Mən sadəcə “Əli və Nino” yazdım. Buna görə məni, yəqin, qınamazlar. Müəllifinin ətrafında çox dolaşdığımızdan sanki təhlilinə tam vara bilməmişik.

“Əli və Nino” əsəri Azərbaycan ədəbiyyatının ən məşhur nümunələrindən biri olaraq, milli-mədəni dəyərlərimizi, Şərq və Qərb mədəniyyətlərinin qarşılaşmasını və fərqliliklərin harmoniyasını gözəl şəkildə əks etdirir. Ən əsası isə Cənubi Qafqazın ictimai-siyasi proseslərini təqdim edir. Bu əsər təkcə tarixi bir sevgi romanı deyil, həm də çoxqatlı mənalarla dolu ictimai və fəlsəfi bir manifestdir. Müasir dövrümüzdə Əli xan və Nino vasitəsilə cəmiyyətimizin dəyərləri və qloballaşma fonunda bu dəyərlərin qorunması barədə düşünmək mümkündür.  Azərbaycan tarixini, mədəniyyətini, siyasətini özündə daşıyan roman ictimai-siyasi bir əsər kimi bu günün də tarixi-siyasi proseslərini ehtiva edir. 

Kitabın yetim qalan uşaq kimi qəribə bir taleyi var. Ö dövrün acı hökmünü sanki bu kitab da yaşayıb. Hüseyn Cavidin  “Telli sazı” kimi, M.Ş. Vazehin “Şərqiləri”, Almas İldırımın şeirləri kimi. Mühacirət taleyindən də keçib. Ölkələr gəzib. Dünyanı fəth edib və bestseller zirvəsinə yüksələrək qəhrəman kimi öz ölkəsinə qayıdıb. Tarixi yaddaşı özü ilə qaytarıb. O əsərdən bu günümüzə baxdıqda güzgü effekti görürsən. Sanki o güzgüdən sənə baxan tarix elə səni bir əsr sonra müasir bir donda əks etdirir. Bəzən tarix təkrarlanır deyirlər. Əslində tarix təkrarlanırmı? Bəlkə, insan itirib təzədən qayıtmaq  istədiyi yaddaşının təkrarını yaşayır. Bəlkə də, insan yaddaşının inikasıdır bu. Beləcə əsərin karvan izi ilə bir əsr o taya qayıdıb ədəbi qəhrəmanlar, tarixi hadisələr ilə bu günə baxırsan.

“Əli və Nino” əsəri XX əsr tarixinin bir şəxsiyyət prizmasından incələnməsidir. Əsər bizi XX əsrin tarixi hadisələrinin içində  çalxalayır. Rus imperiyası və onun çöküşü, Cümhuriyyətin qurulması və süqutu, Nuru paşanın gəlişi, Birinici Cahan müharibəsi fonunda Azərbaycanının, Bakımın  transformasiyası, Asiya və Avropa  sivilizasiyalarının arasındakı çabası, 3 obrazın-Əli xan, Nino və Naxararyanın timsalında Cənubi Qafqazda üç xalqın geosiyasi mövqeyi və taleyi incələnir. Bir sözlə, dünya dəyişikliyi çox maraqlı bir bədii həll yolu ilə təqdim olunur.

Əsərdəki tarixi şəxsiyyətlər, əsasən o dövrün sosial, siyasi və mədəni kontekstini daha yaxşı başa düşməyimizə kömək edir. Bu şəxsiyyətlər əsərdə həm tarixi hadisələrin dərk olunmasına kömək edir, həm də bədii obraz olaraq canlanır. Tarixi obrazlar əsas surətə çevrilmir,  tarixi hadisələrin dərkinə, mesajların ötürülməsinə kömək edir. Zeynalabdin ağa,  Ağa Musa Nağı, Şəmsi Əsədulla, Mirzə Əsədulla, Xoylu Fətəli xan və b. belə obrazlardandır.

Əsərdəki regionun coğrafiyası, onun arxasındakı siyasi proseslər də geniş təhlil və ayrıca məqalə mövzusudur. Hadisələr Bakıda cərəyan edir, şəhərin içəri və bayır hissəsini özünəməxsus sivilizasiyaların müxtəlifliyi və harmoniyası ilə  verməklə müəllif yaşadığımız coğrafiyanın xalqın taleyinə və onun inkişafına təsirini təqdim edir. Qəhrəmanları Şuşaya, Dağıstana, Gəncəyə, Tiflisə, Cənubi Azərbaycana da təsadüfən gətirmir. Bu yerlərin Cənubi Qafqazın taleyindəki rolunu vurğulayır.

Əsərin əvvəlindən dərs səhnəsi ilk andan bizi əsas konflikti anlamağa və gələcək həllə yönəldir. Bu səhnə əsərin mərkəzində dayanan əsas fəlsəfi və mədəni məsələlərin başlanğıc nöqtəsidir. Burada müəllim Saninin coğrafiya dərsində verdiyi sual və ona şagirdlərin cavabları, əslində, Şərq və Qərb dünyalarının qarşıdurmasını və fərqli dəyərləri əks etdirir. Həm də insanın formalaşmasında təhsilin rolu “Anamın kitabı” sayağı təqdim olunur. Saninin şagirdlərin fikrini öyrənmədən  Avropanı təbliğ etməsi, onu Asiyadan üstün tutaraq  proqressiv, Asiyanın isə geri qaldığını təlqin etməsi ötürmək istədiyi əsas fikirdir.

Əsərin ilk səhifəsi bizi artıq əsas leytmotiv olan Şərq və Qərb qarşıdurmasına hazırlayır. Müəllim Saninin sinfə müraciət edərək dedikləri:

“Avropa qitəsinin təbii sərhədləri şimalda Şimal Buzlu okeanından, qərbdə Atlantik okeanından və cənubda Aralıq dənizindən keçir. Avropanın şərq hüdudları rus imperiyasının içərisindən keçərək Ural boyunca aşağı enir. Xəzər dənizini ikiyə bölür və Zaqafqaziyadan keçib gedir. Bax bu məsələdə elm hələ son sözünü deməmişdi. Məsələn, bəzi alimlər Qafqaz dağlarının cənubundakı ərazini Avropaya daxil edirlər, başqaları isə belə fikirdədirlər ki, bu ərazi də, xüsusilə mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid olmalıdır. Balalarım! Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır.”

Bu müraciət dərhal iki mədəniyyət arasındakı sərhədi və eyni zamanda Azərbaycan xalqının mənsubiyyət sualını gündəmə gətirir. Azərbaycan coğrafi olaraq Asiya ilə Avropanın qovşağında yerləşən bir ölkədir. Bu vəziyyət xalqın tarixi, mədəniyyəti və düşüncə tərzində də öz əksini tapır. Müəllimin sualı əslində sadə coğrafi məsələ kimi səslənsə də,  çox dərin və fəlsəfi xarakter daşıyır.

Şagirdlər bu suala müxtəlif cavablar verirlər. Bəziləri Avropa, bəziləri isə Asiya tərəfini seçir. Bu cavablar, onların ailələrinin, tərbiyələrinin və dünyagörüşlərinin təsiri ilə formalaşmışdır. Bəziləri Avropanı müasirlik, inkişaf və elm ilə eyniləşdirərək avropalı olduqlarını irəli sürürlər. Digərləri isə Şərqin mənəviyyatı, mədəniyyəti, ənənələri və dini dəyərlərinə bağlı olduqlarını bildirərək asiyalı olduqlarını söyləyirlər.

Bu ziddiyyət əsərin əsas qəhrəmanı Əli xanın daxili dünyasına və onun mədəni mənsubiyyət məsələsinə də işıq tutur. Əli xan özünü asiyalı hesab edir və bu seçim onun milli kimliyinə və torpağa olan bağlılığına əsaslanır. O, Şərq ənənələrinin, müsəlman dəyərlərinin və ailə bağlarının üstünlüyünü təmsil edir. Bu ziddiyyət əslində əsərin konflikti olaraq Əli xanın daxili aləmində, Əli  və Ninonun harmoniyasında, Bakının quruluşunda, mədəniyyətlərin toqquşmasında, bir sözlə, hər yerdə təzahür edir.

Əsərdə Əli və Ninonun sevgi hekayəsi, iki fərqli mədəniyyətin təmsilçiləri olan müsəlman Əli ilə xristian Nino arasındakı əlaqə üzərindən təsvir olunur. Şərq adət-ənənələri ilə Qərbin açıqfikirliliyi arasındakı tarazlıq, müasir dövrdə də aktuallığını qoruyur. Azərbaycan bu gün də həm Şərq, həm də Qərb mədəniyyətlərinin kəsişmə nöqtəsində yerləşən ölkə kimi çıxış edir. Əsərdəki harmoniyanın qorunması və mədəni müxtəlifliklərin dialoqu müasir dövrdə də dövlət siyasəti və sosial münasibətlər üçün bir nümunədir.

Əsərdə Şuşadan qayıdan Əlinin dəvə karvanları ilə qatarı müqayisə etməsi də düşündürücüdür. Obrazın daxili təlatümünü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Mən oraya, dəvələrə və onları aparan adamlara, qumlu səhraya mənsubam... Qatar Qərbə gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əli obrazı vasitəsilə milli kimliyin qorunması, torpağa bağlılıq və ənənələrə sadiqlik ön plana çəkilir. Nino isə yeniliklərə açıq, dəyişikliklərə uyğunlaşa bilən bir obrazdır. Onun Dağıstanda mühitə alışması, Cənubi Azərbaycanda isə çırpıntısı daxili azadlığının ifadəsidir. Müasir dövrdə qlobal inteqrasiya prosesləri, texnologiyanın inkişafı və urbanizasiyanın təsiri ilə insanlar daha çox kosmopolit düşüncəyə sahib olmağa çalışır. Bununla belə, milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi çox önəmlidir. Əsərin mesajı, köklərimizə bağlı qaldığımız halda, yeniliklərə açıq olmağın vacibliyini vurğulamaqdır. Əli və Ninonun harmoniyası da bunu ifadə edir.

Əsərdə Birinci Dünya müharibəsinin başlanması və onun cəmiyyətə təsirləri təsvir olunur. Müharibə, yalnız böyük dövlətlər arasındakı qarşıdurma deyil, həm də fərqli ideologiyaların, mədəniyyətlərin və dəyərlərin bir-birinə toxunma nöqtəsidir. Azərbaycanın o dövrdəki sosial vəziyyəti, insanların düşüncələri və müharibənin fərdlərə təsiri dərinliklə göstərilir.

Şuşa, Azərbaycanın mədəni mərkəzlərindən biri olmaqla, Şərq mədəniyyətini təmsil edir. Əli burada tətilini keçirir, lakin Birinci Dünya müharibəsinin başlanması ilə o, öz doğma şəhərinə - Bakıya qayıdır. Qatar səfəri yalnız bir yol səyahəti deyil, həm də Əlinin mədəni və emosional keçidini ifadə edir. Bu səyahət zamanı Əli öz dərin düşüncələri ilə Şərq və Qərb arasında olan müharibənin fərdi və ictimai təsirlərini dərk edir. Səyahət zamanı Əli bir qoçu ilə dialoq qurur. Bu dialoq iki fərqli dünyagörüşünü, iki fərqli təbəqənin həyat tərzini və müharibəyə münasibətini əks etdirir.

Qoçu müharibəni yalnız qələbə və məğlubiyyətlə ölçən bir obrazdır. O, müharibəni bir növ güc nümayişi kimi görür və  bu, onun üçün qəhrəmanlıq meydanıdır. Əli isə müharibəni daha dərindən təhlil edir. Onun dünyagörüşü yalnız güc və hakimiyyətlə deyil, həm də mənəvi dəyərlərlə bağlıdır.

Əslində müəllif Əlinin timsalında yeni gəncliyin fərqli baxışını təqdim edir. Atasının: “Sənin babaların qəhrəman olublar, savaşdan qaçmayıblar”,- fikrinə “Özümü  düşmənin vətənimizə, şəhərimizə və torpağımıza ayaq basdığı günə hazırlayıram... Mənim bu müharibədə heç kimin qarşısında  vəzifəm və borcum yoxdur...mən öz qılıncımı özüm istədiyim vaxt sıyıracam. Bizim vətənimizin  mənim qılıncıma ehtiyacı var”- kimi cavab verərək məsələyə azad  münasibətini bildirir. Əlinin baxışı və düşüncəsi Azərbaycanın müstəqilliyi ilə bağlıdır.

Ayrı-ayrı şəxslərin müharibəyə münasibəti əsərin geniş ideoloji xəttinin bir hissəsidir. Bu səhnə, cəmiyyətdəki təbəqələşməni, fərqli ideoloji və mədəni yanaşmalar arasındakı qarşıdurmanı simvollaşdırır. Əlinin fikirləri, onun şəxsiyyətindəki daxili gərginliyi və Azərbaycan cəmiyyətinin dəyişməkdə olan xarakterini əks etdirir.

Müharibənin başlanması həm də Əlinin şəxsi həyatına və emosional vəziyyətinə bir dönüş nöqtəsi gətirir. O, yalnız sevgi hekayəsinin təsiri altında deyil, həm də cəmiyyətin dəyişən şəraitinə uyğunlaşmaq məcburiyyətindədir. Bu səhnə, Əlinin daha yetkinləşmiş və müharibənin reallıqlarını dərk edən bir obraz kimi inkişafına işarədir. Əlinin müharibə haqqında baxışları əsərin tematik həcminə dərinlik qatır. Burada Azərbaycan cəmiyyətinin ənənəvi və müasir təsəvvürləri, müharibənin sosial-iqtisadi və mədəni təsirləri geniş şəkildə təsvir olunur. Müəllif bu səhnə vasitəsilə oxucuya yalnız tarixi hadisələri deyil, həm də mədəniyyətlərarası dialoqu və dəyişən cəmiyyətin problemlərini dərindən anlamaq üçün bir yol təqdim edir.

Əli və Ninonun sevgi hekayəsi həm də fərqliliklərə hörmət, dialoq və sülhün simvoludur. Müasir dövrümüzdə də mədəni və dini fərqliliklərin ziddiyyətlərə deyil, zənginliyə səbəb olduğunu dərk etməyimizdir. Beynəlxalq münaqişələrin artdığı bir dünyada, “Əli və Nino” əsərinin bu mesajı sülh və qarşılıqlı hörmət üçün bir yol xəritəsi təqdim edir.

“Əli və Nino” əsəri yalnız keçmişin hekayəsi deyil, həm də bu günümüzün və gələcəyimizin dərsləridir. Şərq və Qərbin qovuşduğu bir ölkədə, mədəni müxtəlifliyi qoruyub inkişaf etdirərək milli kimliyimizi gücləndirmək üçün əsərin bizə təqdim etdiyi mesajlar çox dəyərlidir. Əsərin oxuculara çağırışı budur: fərqliliklərimizi qəbul edərək, birlikdə daha güclü və harmonik bir cəmiyyət qura bilərik.

Müəllif azərbaycanlı və erməni münasibətlərində maraqlı bədii həllərlə dövrün etnik münaqişə problemini də qoyur. Bütün məqamlarda erməni obrazlarını yalançı və xəyanətkar kimi təqdim edir. Bununla da Əli və Naxararyan obrazlarını qarşılaşdıraraq hər ikisini öz xalqının ümumiləşdirilmiş obrazı kimi təqdim edir. Müəllif Naxararyanı çirkin əməli ilə ölümə məhkum edir. Şuşadakı erməni faytonçunun yalan və uydurma fikirləri isə  əslində erməni xalqının sinfindən və yaşadığı məkandan asılı olmayaraq uşaqlıqdan formalaşan  xəstə təfəkkürünün təcəssümüdür.  Bunu isə Əli xan qəbul etmir.  Ninonu öz avtomobili ilə qaçıran Naxararyana Qarabağ atı ilə çatır. “Bu kilsənin 5 min illik tarixi var”, - deyən erməniyə isə “Xristianlığın heç 2 min illik tarixi yoxdur “, - deyərək cavabını verir. Elmli, ayıq və güclü olmağın həll yolu olduğu mesajını ötürür. Şuşada erməni faytonçunun Əli ilə olan dialoqu, əsərin mədəni və siyasi təhlilini, həmçinin tarixi şəraitin fərdlərin münasibətlərinə necə təsir etdiyini göstərir. Bu səhnə Azərbaycan və erməni xalqları arasındakı əlaqələrin mürəkkəbliyini əks etdirir.

Naxararyanın Ninonu qaçırarkən söylədiyi: “Prinses, Şərq və Qərb arasında heç bir körpü, hətta məhəbbət körpüsü də yoxdur... Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək birləşək, əl-ələ verək.  Biz Avropanın Asiyadakı elçiləriyik”, - fikri Cənubi Qafqazın bütün tarixi dövrlərində ermənilərin missiyasını açır,  bədii həllini də çox gözəl tapır. Əli xanın əli ilə alt-üst edilir.

Əli xan özünü Demokratik Cümhuriyyətin qurulmasında tapır. Onun yaşaması üçün əlindən gələni edir, yeni bir Vətən qurur, Şərq və Qərbin harmoniyasından doğulan övladının gələcəyini düşünür. Vətən sevgisini bütün sevgilərdən üstün tutur. Cümhuriyyətin doğuşu ilə doğulub, süqutu ilə bərabər şəhidliyə qovuşur. Son məqamda Cümhuriyyətin  rəmzi təsiri bağışlayır. Təlatümlərin, ziddiyyətlərin içindən doğub qürub edən Vətən simvolu.

Beləcə, XX əsrin əvvəllərində yazılan bədii əsərlə XXI əsrə nəzər yetirməyə çalışdıq. “Əli və Nino” bu gün də gəncliyin milli kimlik dərsi olaraq üz tutacağı mütləq əsərdir”,- deyə bilərik.  Dönəcəyimiz və hələ çox mətləbləri təhlillərlə təqdim edəcəyimiz mütləq əsər. Bu günü dünənlə görəcəyimiz əsər.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru

Seçilən
12
1
yeniazerbaycan.com

2Mənbələr