İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycanda xaricdən gələn dezinformasiyanın təsirini və dezinformasiyanın yayılması ilə bağlı milli zəiflikləri araşdıran Dezinformasiyaya Davamlılıq İndeksi üçün ölkə icmalı keçirib.
Medianews.az xəbər verir ki, bu araşdırmada milli media landşaftının institusional quruluşu, normativ bazası və xüsusiyyətləri təhlil edilib.
Nəticələr göstərib ki, Azərbaycanda rus dili geniş yayılsa da, ölkədə kremlyönlü media ekosisteminin təsiri məhdud olaraq qalır və hökumətin xüsusilə İkinci Qarabağ Müharibəsi, Xankəndinin azad edilməsi və ondan sonra cəmiyyətdə iğtişaşlar yaratmaq məqsədi daşıyan dezinformasiya kampaniyaları zamanı çevik reaksiyası sayəsində geniş ictimaiyyət dezinformasiyanın yayılmasının təhlükələrindən getdikcə daha çox xəbərdar olur.
Nəzərdən keçirilən dövrdə Azərbaycan hakimiyyəti və xalqı Ukraynadakı müharibədən daha çox Qarabağ müharibəsi ilə bağlı məlumatlara önəm verib. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra, xüsusən 18-35 yaşlı sakinlər arasında Rusiya media mənbələrinə ictimai inamsızlıq artıb. Bununla belə, Azərbaycanda dezinformasiya ilə bağlı empirik tədqiqatların olmaması qərar qəbul edənlərin daha məqsədyönlü cavablar formalaşdırmasına mane olub.
Milli jurnalist icmasının bir hissəsinin, xüsusən də müstəqil jurnalistlərin peşəkarlığının aşağı səviyyəsi dezinformasiyaya qarşı dayanıqlılığa mane olub. Son qanunvericilik və institusional dəyişikliklər bu problemi həll etməyə çalışır.
Azərbaycanın media ictimaiyyəti və bütövlükdə cəmiyyətin dezinformasiyanın təhlükələri haqqında daha çox məlumatlandırılması və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında əməkdaşlığın artırılması dezinformasiyaya daha effektiv cavab vermək üçün vacibdir.
Alpər TURAN