AZ

“Münaqişə yoxdursa, Minsk Qrupuna da ehtiyac yoxdur” – Paşinyandan razılaşdırılmayan iki maddəylə bağlı açıqlama

“Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”-ə açıqlamasında iddia edib. Onun dediyinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə müzakirələrdə konstruktiv iştirak edir.

Paşinyan bundan öncə İlham Əliyevin səsləndirdiyi ATƏT-in Minsk Qrupunun buraxılması ideyasını konstruktiv adlandırıb: “Əgər münaqişə yoxdursa, onda münaqişənin həlli ilə bağlı formatın qalmasının nə mənası var?”

Paşinyan sərhəddən üçüncü qüvvələrin, yəni, Ermənistanın çağırıb gətirdiyi Qərb ölkələri nümayəndələrinin yığışdırılması tələbinə də münasibət bildirib. O, bunun da əleyhinə olmadığını qeyd edib. Lakin bir şərtlə ki, əvvəlcə sərhədlərin demarkasiyası başa çatdırılsın: “Biz üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı müddəanın Ermənistan - Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə aid olunmasını təklif edirik və bu, məntiqlidir. Çünki demarkasiyaya görə bu hissələrdə eskalasiya riski əhəmiyyətli dərəcədə azalır, hətta minimuma endirilir. Beləliklə, sərhədin tam demarkasiyasından sonra Ermənistan - Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan Respublikası belə bir məntiq təklif edir”.

Azərbaycan Prezidenti İlham Əliyev və dövlət rəsmiləri ATƏT-in Minsk Qrupunun buraxılmasının zəruriliyini və üçüncü qüvvələrin Azərbaycan - Ermənistan sərhədindən yığışdırılmasının vacibliyini dəfələrlə bəyan edib. İlham Əliyev dekabrın 18-də rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində Minsk Qrupunun buraxılmasını və üçüncü qüvvələrin sərhəddən yığışdırlmasını İrəvanla sülh müqaviləsinin imzalanmasının şərtləri sırasında göstərib.

“AzPolitika.info”

Seçilən
2
azpolitika.info

1Mənbələr