AZ

ABŞ səfirliyi Azərbaycan mediasına qarşı

Bu dəfə AzTV ilə gərginlik yaşandı - reaksiya

Ötən bazar günü AzTV dövlət telekanalında ABŞ-ın Azərbaycana qarşı “zərərli” fəaliyyəti barədə növbəti süjet göstərilib. Telekanalın direktoru Rövşən Məmmədov bildirib ki, son günlərini yaşayan Bayden administrasiyası “qorxaqlıq” nümayiş etdirərək Azərbaycana hücum etmək üçün insan hüquqları amilindən istifadə edir. 

Dominant.Az

“Media adı altında fəaliyyət göstərən çoxillik şəbəkənizi məhv etdiyimizə qəzəblənirsiniz?”, - AzTV-nin rəhbəri ABŞ dövlət katibi Blinkenə müraciət edərək deyib. Bu ittihamlarla əlaqədar ABŞ-ın Bakıdakı səfirliyi öz səhifəsində cavab dərc edib: “Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? Media Savadlılığı Həftəsi keçirilərkən unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir".

Daha əvvəl isə ABŞ səfirliyi ilə “Report” informasiya agentliyi arasında “söz atışması” olub. ABŞ-ın Azərbaycandakı səfirliyi “Report”un dərc etdiyi materialla bağlı sorğusuna cavab verib. Məlum olub ki, o, verilən suala uyğun deyil. Belə ki, “Report” sorğusunda ABŞ-ın Azərbaycandakı səfirliyinin Ermənistandan qovulan azərbaycanlıların irsinin qorunması ilə bağlı hansı addımların atıldığı, layihələrin həyata keçirildiyi barədə məlumat almaq üçün müraciət edib. Səfirliyin cavabında isə Azərbaycanın azad olunan ərazilərdə ABŞ-ın görmək istədiyi işlər barədə danışılıb. Faktiki olaraq səfirlik “Report”un sorğusuna mahiyyəti üzrə cavab verməyib. Arayış üçün bildirək ki, ABŞ-ın Ermənistandakı səfirliyi Azərbaycanın Qarabağ bölgəsində erməni irsinin qorunması ilə bağlı qrant layihəsi elan edib. “Report” agentliyi isə ABŞ-ın Azərbaycandakı səfirliyinə Ermənistandan 1988-90-cı illərdə qovulmuş azərbaycanlıların Ermənistanda mədəni irsinin qorunması ilə bağlı hansı layihələrin həyata keçirilməsi ilə bağlı sual ünvanlamışdı. 

İndi isə AzTV-nin tənqidlərinə Amerika səfirliyi dözümlülük göstərə bilməyib və daxili işlərə növbəti dəfə müdaxilə edib. 

Tofiq

Tofiq Abbasov

AzTV-nin İctimai-Siyasi Proqramlar üzrə Departamentinin rəhbəri Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb dünyası fikir və söz azadlığını təbliğ etsə də, onlara çatanda elə gəlir ki, özlərinə hər şey olar, əsaslı-əsassız tənqid səsləndirə bilərlər. T.Abbasov hesab edir ki, başqaları onların ünvanına reallıqları deyəndə, haqlı tənqidlər edəndə bunu ədavət, düşmənçilik kimi qiymətləndirirlər: “Biz 44 günlük müharibə dövründən xatırlayırıq ki, cənab Prezident dünyanın aparıcı media orqanlarına necə açıq cavablar verirdi, onların bəzilərinin qərəzli suallarına cavabında haqlı suallarla jurnalistləri çətin vəziyyətə salırdı. Prezidentin təkcə Culian Assancla bağlı sualı elə hər şeyə dəyərdi. Yəni Qərbin özündə söz azadlığı anlayışı nisbidir. Sadəcə, onun adından sui-istifadə edirlər, bizim kimi ölkələrə qarşı təzyiq göstərirlər. Odur ki, onların dedikləri qondarma bəhanələrdir”. 

Departament rəhbərinin sözlərinə görə, AzTV-nin sözügedən proqramı müəllif verilişidir, telekanal rəhbəri orada öz fikirlərini, tənqidlərini bildirib: “Əgər səfirliyin xoşuna gəlmirsə, bu, AzTV-nin problemi deyil. Hər adamın öz şərhi, yanaşması var. Buna görə qamçılamaq düzgün deyil. Üstəlik, ABŞ-ın özündə gündəmdə olan məsələlər var: dini zəmində problemlər, afroamerikalılarla bağlı təzyiq siyasəti... Hazırda mətbuat bunu yazır. Eləcə də Latın Amerikasından gələnlərə irqçi münasibət var. O zaman bu haqda danışanları niyə döyürlər, zindanlara salırlar? O baxımdan, əvvəlcə özlərindən başlasınlar ki, sağlam nümunə olsunlar”. 

T.Abbasov Azərbaycanın Bayden administrasiyasının fəaliyyətinə çoxsaylı iradları olduğunu düşünür: “Biz torpaqlarımızı azad etmişik, separatizmə son qoymuşuq, ancaq bu zəmində onların reaksiyası heç də ədalətli deyil. Yuri Kimlər, Ceyms Obrayenlər (dövlət katibinin köməkçiləri - E.S.) Azərbaycana təzyiqlər edirdilər, sanksiyalardan danışırdılar, Blinken Bakıya emissarlar göndərirdi... Axı nəyə görə sanksiyalar tətbiq etmək istəyirdiniz, bizi gözümçıxdıya salmışdınız? Ona görə də bütün bunlar göstərir ki, Bayden administrasiyası ultraqlobalizm prosesinə qoşulub və tamamilə başqa xain planlar var. Onların istəyi budur ki, suveren məmləkətlərin müstəqilliyini pozsunlar, orada LGTB, transgenderlər əl-ayaq açsınlar. Gürcüstanda və Azərbaycanda iflasa uğradılar. Biz milli dəyərlərimizin arxasında mətin şəkildə dayanmışıq. Çünki azərbaycanlıların oturuşmuş ənənələri var və onları hər şeydən üstün tuturuq. Ona görə də özgə etnosların həyat tərzini bizə zorla sırımaq mümkün olmayacaq. Odur ki, ultraqlobalistlərin məkrli niyyəti aydındır - dövlətçilik ənənələrini çökdürmək cəhdlərinə yol versinlər, sonra millətlərə lazımsız, iyrənc dəyərləri aşılasınlar. Bu isə Azərbaycanda alınmayıb və alınmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Seçilən
29
musavat.com

1Mənbələr