“Suriyada başlanılan proseslərin bazasının bir neçə il əvvəlcədən hazırlandığı artıq məlumdur”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının müavini, politoloq Bakir Həsənbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının Suriyadakı prosesləri sürətlə icra etməsi müəyyən bir bazanın olmasından xəbər verir:
“Suriyada hazırda kifayət qədər mürəkkəb bir konfiqurasiya yaşanır.
Orada daxili və xarici aktorların olduğunu görürük.
Məsələn, proseslər başlayanda Türkiyənin xarici işlər naziri demişdi ki, Suriyada 2,5 ölkə var. Məncə, bu, çox maraqlı bir yanaşma idi. O, bu sözləri ilə ABŞ, Böyük Britaniya və Fransanın Suriyada olduğunu deyirdi. Bunlar xarici aktorlardır. Həmçinin, Suriyanın daxilindəki müxtəlif qruplaşmaların da oluğunu demək lazımdır. Hansı ki, onların içində terror qruplaşmaları belə mövcuddur. Yəni Suriyada kifayət qədər ciddiyətli bir vəziyyət yaranmışdı”.
Politoloq Suriyadakı proseslərin gələcəyi ilə bağlı da danışıb:
“Konkret olaraq bu gün Suriyanın gələcəyi ilə bağlı fikir söyləmək doğru olmaz. Çünki orada çox həssas məqam var. Üstəlik, Suriyada bir çox silahlı qruplaşmalar olduğu reallıqdır.
Onlar prosesləri hələlik sakit şəkildə izləyirlər. Nəzərə almaq lazımdır ki, onlar hələ də silahlarını təhvil verməyiblər. Ən xırda detal belə hazırda bizə sakit görünən Suriyad ictimai-siyasi həyatı “barıt çəlləyinə” bənzəyir.
Hesab edirəm ki, Suriyada dini bir hökumət quruluşu olmayacaq.
Məncə, Suriyada hərbi və ya dini deyil, mülki hakimiyyət qurulacaq.
Onun işartıları bu gündən görünməyə başlayıb”.
Bakir Həsənbəyli “ABŞ və Rusiya Suriyadan çıxacaqmı?” sualına isə belə cavab verib:
“ABŞ-nin bu gün Suriyada qalması üçün hansısa tələbat yoxdur. Çünki onun proksi qüvvəsi olan PYD/YPG terror qruplaşmalarının oradan çıxmasından sonra ABŞ-yə də ehtiyac qalmayacaq.
Hətta ABŞ-nin yeni prezidenti Donald Trampın Suriya məsələsi ilə maraqlanacağını zənn etmirəm. Rusiya isə Suriyadakı hərbi bazalarını qorumağa çalışacaq. Ətrafdakı hərbçilərini də həmin bazalara yığacağı gözlənilir. Düşünürəm ki, rəsmi Moskva yeni Suriya hökuməti ilə anlaşaraq həmin bazaların qorunması üçün maksimum cəhd göstərəcək”.
Politoloq hesab edir ki, HTS-nin rəhbəri Əbu Məhəmməd əl-Colani Suriya Prezidenti ola bilər:
“Əslində Colaninin hərbi geyimdən mülki geyimə keçməsi, bütün tərəflərə qucaq açması onun prezidentlik kürsüsünə iddialı olduğunu göstərir.
Onun bu aspektə verdiyi bəyanatlar da olduqca diqqət çəkir.
Colaninin Suriya prezidenti olmaq şansı yüksəkdir.
Xarici ölkə kəşfiyyatı tərəfindən yeni lider fiquru ola bilər. O isə Colani ilə rəqabət aparmağa çalışar. Lakin yaxın zamanda bunun yaşanma ehtimalı kifayət qədər aşağıdır”.