"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək".
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. O bildirib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq:
“Təhsil kart”ların hazırlanması ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”.
Təhsil işçilərinə veriləcək həmin kartlarda hansı güzəştlər nəzərdə tutulur?
“Cebheinfo.az” xatırladır ki, qurum rəsmisinin daha əvvəl mətbuata verdiyi məlumata görə, hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır: “Gələn ildən təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər.
İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə əlavə imkanlar yarada bilər”.
Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir:
“Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar. Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək”.