Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə yanvar ayı üçün biletlər 25 dekabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Herbiand.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilir ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1514 reys həyata keçirilib, 38211 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.