AZ

Strateji əməkdaşlıq arqumentləri

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri 

Bu gün Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əmkdaşlıq arqumentləri dövlətimizin beynəlxalq arenada artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan dövlətinə çevrilib.

Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətt üzrə uğurla davam etməkdədir.

Məlum olduğu kimi Prezident cənab İlham Əliyev Rusiyanın “Rossiya Seqodnya” agentliyinə müsahibə vermiş və müsahibə zamanı Dövlət Başçısı iki qonşu dövlət arasında mövcud siyasi, iqtisadi əlaqələrin davamlı inkişafından ətraflı bəhs etmişdi.

Müsahibə zamanı Prezident cənab İlham Əliyev bildirmişdir ki, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərinin sayının artması buna əsas sübutdur. Düşünürəm ki, indi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur. Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq.

Dövlət Başçısı həmçinin qeyd edib ki, Azərbaycan və Rusiya həmişə çətin vaxtlarda bir-birinə dəstək olub və dostluq münasibətlərini qoruyub saxlayıb. Bu, real hadisələrə və mövcud əməkdaşlıq təcrübəsinə əsaslanan bir həqiqətdir. İki ölkə arasında münasibətlər tarixi, mədəni və iqtisadi əlaqələrə əsaslanır.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi bu gün Azərbaycan-Rusiya münasibətləri geniş gündəliyə malik olmaqla yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir. Bu münasibətlərin bu gündə davamlı inkişafının ən başlıca səbəblərindən biri də iki qonşu dövlət arasında mövcud olan etibarlı tərəfdaşlıq və qarşılıqlı etimad prinsipləridir.

Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.

Bu gün ölkəmizin uğurlarını qərəzli şəkildə görməzdən gəlib həzm edə bilməyən bəzi qərb ölkələri birmənalı şəkildə qəbul etməlidir ki, Azərbaycan regiounda yeni reallıqlar yaradıb və bölgədə sülhün, təhlükəsizliyin əsas qarantı olan müstəqil dövlətdir.

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr