Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
Dövlətimizin başçısı İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər, çağırışlar dünya mətbuatında geniş işıqlandırılır.
Ölkə Prezidentinin müsahibədə diqqət yönəltdiyi mühüm məsələlərdən biri Ermənistanın silahlandırılması oldu. Hazırkı dövrdə əsas hədəf regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan dövləti tarixi Zəfərimizdən dərhal sonra bu məqsədlə Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Lakin dörd ildən artıqdır ki, bu proses uzanır. Ermənistanın yeni dəstək axtarışı, himayədarlarının göstərişlərinə uyğun olaraq hərəkət etməsi vəziyyətin gərginləşməsinə, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olur. Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünü və suverenliyinin bərpasını həzm edə bilməyən dövlətlər bunu atdıqları addımları ilə təsdiqləyirlər. Ermənistanın açıq-aşkar silahlandırılması regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Cənab İlham Əliyev müsahibəsində “Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirdi ki, təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər. ABŞ isə bunu etiraf etmir.
Azərbaycan adekvat tədbirlər görməyə məcburdur. Tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına nail olsaq da hərbi gücümüzün daha da artırılması əsas prioritetlər sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, Ordumuzun daha da gücləndirilməsini xüsusi qeyd edir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Ötən ilin sentyabr ayında cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.
Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır. Lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu çağırışı edir ki, biz elə Ordu yaratmışıq ki, heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Qeyd edək ki, 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Cənab İlham Əliyev sözügedən müsahibəsində bildirdi ki, bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq. Belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Dövlətimizin başçısı bu mesajı çatdırdı: “Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək… Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək… Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”.