Azərbaycanın miqrasiya siyasəti, əlilliyi olan miqrantların təhsil alması və işlə təmin olunması məsələlərinə xüsusi diqqət yetirilməsini tələb edir. QHT.az, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova ilə bu məsələlər ətrafında bir müsahibə həyata keçirib. Müsahibədə, əlilliyi olan miqrantların qarşılaşdığı çətinliklər, mövcud boşluqlar və bu sahədə təşkilatın həyata keçirdiyi layihələr haqqında məlumat verilib.
QHT.az: Azərbaycanın miqrasiya qanunvericiliyində əlilliyi olan miqrantların təhsil almaq və işlə təmin olunmaq imkanları necə tənzimlənib?
Səbinə Kərimova: Azərbaycanın miqrasiya qanunvericiliyində əlilliyi olan miqrantların təhsil almaq və işlə təmin olunmaqla bağlı xüsusi güzəştlər nəzərdə tutulmayıb. Əlilliyi olan miqrantlar, müvəqqəti yaşamaq icazəsi ilə ölkə ərazisində təhsil ala və işləyə bilərlər. Lakin bu prosesdə müəyyən çətinliklərlə qarşılaşa bilərlər, çünki qanunvericilikdə onlara dair xüsusi bir güzəşt yoxdur.
QHT.az: Əlilliyi olan miqrantların hüquqlarının qorunmasında hansı boşluqlar mövcuddur?
Səbinə Kərimova: Əlilliyi olan miqrantların hüquqlarının qorunmasında ən böyük boşluqlardan biri səhiyyə xidmətləri ilə bağlıdır. Ölkəmizdə dövlət vətəndaşlar üçün tibbi xidmətləri sığortalasa da, əcnəbilər ödənişli xidmətlərdən istifadə etməlidir. Bu, əlilliyi olan miqrantlar üçün əlavə çətinliklər yaradır. Eyni zamanda, qanunvericilikdə əlilliyi olan miqrantlara xüsusi sosial güzəştlər nəzərdə tutulmur, bu da onların həyatını çətinləşdirir.
QHT.az: Təşkilatınızın əlilliyi olan miqrantlara dəstək məqsədilə hansı layihələri həyata keçirib və ya planlaşdırır?
Səbinə Kərimova: Biz, müraciət edən əlil miqrantların və onların ailə üzvlərinin problemləri ilə yaxından maraqlanırıq. Çox vaxt bu müraciətlər daimi qeydiyyat məsələləri ilə bağlı olur və biz onları birbaşa Dövlət Miqrasiya Xidmətinə yönləndiririk. Bu məsələdə dəstək verilməsi üçün lazımi qurumlarla əməkdaşlıq edirik.
QHT.az: Azərbaycanda əlilliyi olan miqrantların həyat şəraitini necə qiymətləndirirsiniz?
Səbinə Kərimova: Azərbaycanda əlilliyi olan miqrantların həyat şəraiti tam olaraq qənaətbəxş deyil. Bu qrupa daxil olan insanlar tez-tez qeyri-qanuni olaraq ölkə ərazisində yaşayır, bu da onların həyat şəraitini daha da çətinləşdirir. Lakin, bir sıra yerli qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən bu sahədə fəaliyyətlər həyata keçirilir və əlilliyi olan miqrantların təhsili ilə bağlı layihələr də mövcuddur.
QHT.az: Bu qrupun qarşılaşdığı əsas problemlər nələrdir?
Səbinə Kərimova: Əsas problem, əlilliyi olan miqrantların qeyri-qanuni şəkildə ölkə ərazisində yaşamasıdır. Bu vəziyyət, onların hüquqlarını daha da məhdudlaşdırır və deportasiya edilmələrinə səbəb olur. Bu problemlərin qarşısını almaq üçün xarici vətəndaşların ölkə qanunvericiliyini yaxşı bilmələri vacibdir. Azərbaycan Dövlət Miqrasiya Xidməti bu məsələlərə ciddi yanaşır və miqrantların qanuni şəkildə icazə alması üçün xüsusi şərait yaradır.
QHT.az: Beynəlxalq təşkilatlarla bu istiqamətdə əməkdaşlıq varmı?
Səbinə Kərimova: Birbaşa əməkdaşlığımız olmasa da, dolayı yolla Beynəlxalq Miqrasiya Təşkilatı, Qızıl Aypara Cəmiyyəti və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Bu təşkilatlar ilə əlilliyi olan miqrantların həyat şəraitinin yaxşılaşdırılması sahəsində müxtəlif layihələr üzərində işlər görülür.
Pərvanə Fərhadqızı
QHT.az