“Əslində görünən odur ki, Ermənistan bu gün sülh müqaviləsinin imzalanmasını istəmir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov bildirib. O, fikirlərinə belə davam edib:
“Prezident İlham Əliyevin həmin müsahibəsində başqa iki məqam da var idi: Ermənistan konstitusiyasına edilən dəyişiklik və ATƏT ilə bağlı məsələ. Orada çox haqlı bir sual ortaya çıxdı. Əgər Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, bu məsələ həll olunubsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, nə üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etməsində hələ də israrlıdır? Ermənistanın hansı məqsədi var? İkinci bir sual, Ermənistanın konstitusiyasında bu məsələ olduğu halda hansı sülh müqaviləsindən söhbət gedə bilər? Azərbaycanın bununla bağlı mövqeyi beynəlxalq hüquqa əsaslanır, bizim şərtlərimiz çox dəqiqdir. Ermənistan bunları yerinə yetirməlidir.
Paşinyan bir müddət bundan əvvəl qeyd etdi ki, bizim konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiası yoxdur. Ardınca artıq bu bəyanatlar verildi”.
Millət vəkili onu da vurğulayıb ki, Ermənistanın hər hansı gərginlik yaratma cəhdi özünə problem yaradacaq:
“Biz Qazax istiqamətində Azərbaycan və Ermənistan tərəfindən intensiv bir neçə görüş keçirdik. Sürətli bir proses gedirdi. Niyə yenidən dayandı? Bunun arxasında nə durur? Bu prosesdə biz yenə bu fikrə gəlirik ki, Ermənistan daha çox imkanlar əldə etməyə, Azərbaycana qarşı təzyiqlərin həyata keçirilməsinə çalışır. Cənab prezidentin də qeyd etdiyi kimi, Ermənistan bilməlidir ki, istər silah alsın, istərsə də Azərbaycana qarşı hansısa addımlar atsın, bu heç bir nəticə verməyəcək. Ermənistanın silahlanması ilə Azərbaycanla rəqabət aparması qeyri-mümkündür. Ehtimallar ondan ibarətdir ki, Ermənistan hansısa dövlətlərin təhriki ilə müəyyən bir bölgədə gərginlik yaratmağa çalışsın. Bu daha çox Ermənistanın özünə problem yaradacaq”.
Aytac Şahin
Telegram kanalımız