AZ

Gürcüstanda etiraz aksiyaları zamanı 171 polis əməkdaşı xəsarət alıb

Tbilisi, 20 dekabr, AZƏRTAC

Tbilisidə noyabrın 28-dən başlayan etiraz aksiyalarında zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 171 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan 10-a yaxın polis üzərində çətin cərrahi əməliyyat aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında məlumat verilir.

Bildirilir ki, 40-a yaxın asayiş keşikçisi etirazçıların atdığı daşlar nəticəsində üz nahiyələrindən ağır xəsarətlər alıb. Həmçinin nazirliyin 60-a yaxın əməkdaşı etirazçıların pirotexniki vasitələrdən istifadəsi nəticəsində üz, ayaq və bədən nahiyələrindən çoxsaylı yanıq xəsarətləri alıb, bir əməkdaş isə pirotexniki vasitələrin vurduğu zərər nəticəsində eşitmə qabiliyyətini itirib.

“Polis əməkdaşlarının guya zor tətbiq etməsinə gəlincə, bu barədə dəfələrlə qeyd olunduğu kimi, Xüsusi İstintaq Xidməti araşdırma aparır və Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində istintaq orqanı ilə fəal əməkdaşlıq edir”, - deyə bəyanatda vurğulanır.

Bəyanatda deyilir ki, noyabrın 28-dən indiyədək Rustaveli prospekti və onun ətrafında davam edən zorakılıq aksiyaları ilə yanaşı, mitinq iştirakçıları tərəfindən bir sıra cinayət əməlləri də törədilib. Onların arasında quldur hücumları, 60-a qədər oğurluq hadisəsi qeydə alınıb. Rustaveli prospektində yerləşən müxtəlif obyektlərdən əvvəlcə müxtəlif inventarların, o cümlədən bankomat və kassa aparatlarının oğurlanması, daha sonra isə onlardan barrikada kimi istifadə edilməsi faktları müşahidə olunub. Bundan başqa, prospektdə müxtəlif binaların xarici fasadları sınıb və zədələnib. Cinayət yolu ilə fiziki şəxslərə və dövlətə dəymiş ziyan yüz min laridən artıqdır.

Bəyanatda saxlanılan şəxslərin şəxsi əşyalarının müsadirə olunması və qeyri-müəyyən şəraitdə yoxa çıxması ilə bağlı son günlər müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan yalan məlumatlara da aydınlıq gətirilib: “Yayılan məlumatlara münasibət bildirərək ictimaiyyətin nəzərinə çatdırırıq ki, “Polis haqqında” Qanunun 26-cı maddəsinin 2-ci bəndinə və İnzibati Xətalar Məcəlləsinin 249-cu maddəsinə əsasən, polis şəxsi əşyaları müvəqqəti müsadirə etmək və ya məhdudlaşdırmaq, qanunla nəzərdə tutulmuş halda əşyaya faktiki sahiblik hüququna malikdir.”

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
26
1
azertag.az

2Mənbələr