Demokrat.az "Report"-a istinadən xəbər verir ki, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycana yatırılan xarici investisiyaların həcminə görə, ilk yerlərdən birini tutur: "Buna baxmayaraq, iqtisadi əlaqələrin inkişafı üçün qarşıda görüləsi çox iş var".
R. Cabirli xatırladıb ki, Şuşa Bəyannaməsində əsas hədəflərdən biri Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılmasıdır. O bildirib ki, İki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq genişlənir və buna dəstək olan Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayı artıq 35-ə çatdırılıb.
"MÜSİAD Azərbaycan"ın sədri qeyd edib ki, Türkiyə şirkətləri Azərbaycanda biznes qurmaqda maraqlıdır, lakin bəzən hansı sahələrə sərmayə yatıracaqlarını müəyyənləşdirə bilmirlər, bu da onların fəaliyyətini çətinləşdirir: "Eyni zamanda, maliyyə məsələlərində də problemlər mövcuddur. Tərəflər arasında ödəmələrdə gecikmələr olur və bu, bir tərəfli deyil, həm Türkiyə, həm də Azərbaycan şirkətlərindən qaynaqlanan hallarla müşahidə edilir. Bu vəziyyət əməkdaşlıq prosesini çətinləşdirir və tərəflərin qarşılıqlı işinə mənfi təsir göstərir".
R. Cabirli, problemlərin həlli üçün müvafiq dövlət qurumları ilə özəl sektorun əməkdaşlığını və iki ölkə arasında ticarət əlaqələrinin daha da gücləndirilməsini vacib hesab edir. O, həmçinin investisiya mühitinin yaxşılaşdırılması və logistika imkanlarının genişləndirilməsinin də bu sahədə əhəmiyyətli olduğunu vurğulayıb.