Bakı, 20 dekabr, AZƏRTAC
“Növbəti dəfə boks üzrə Azərbaycan çempionatını izləmək çox xoş hissdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov kişi boksçular arasında təşkil olunan Azərbaycan çempionatının bağlanış mərasimi zamanı deyib.
O bildirib ki, 2024-cu il Azərbaycan boksu üçün uğurlu olub: “Yüksək nailiyyətlər əldə olundu. “Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazandıq. Ölkəmizdə boks inkişaf edir. Artıq paytaxt və bölgələrdə boks zalları istifadəyə verilib. Federasiyanın bu idman növünə olan dəstəyi yüksək səviyyədədir. Kiçik yaşlı uşaqlarımızın da boksa olan marağı böyükdür. Bu, bizi xoşbəxt edir”.
Qeyd edək ki, kişilər arasında Azərbaycan çempionatına bu gün yekun vurulacaq. Qadın boksçuların Azərbaycan çempionatı isə artıq başa çatıb. 2 çəki dərəcəsində medalçılar bəlli olub. Həmçinin 5 çəkidə Boks Federasiyasının seçmə turnirinin qalibləri müəyyənləşib.