Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin dünən keçirdiyi böyük mətbuat konfransında deyib ki, Qərbin hava hücumundan müdafiə sistemləri Rusiyanın "Oreşnik" raketlərini vurmaq gücündə deyil. Rusiya raketlərinin effektivliyinə inanmayan mütəxəssislərə isə o, “21-ci əsrin yüksək texnologiyalı dueli” təşkil etməyi təklif edib: “Qoy onlar Kiyevdə hansısa hədəfi müəyyən etsinlər, bütün hava hücumundan və raketdən müdafiə qüvvələrini orada cəmləşdirsinlər, biz də “Oreşnik”lə ora zərbə endirək. Və görək nə olacaq?"
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında Putinin bu “təklifinə” münasibət bildirərək Rusiya rəhbərliyini “otmorozki” (ağılsız kimi tərcümə edilə bilər-red.) adlandırıb.
O deyib ki, normal insanlar belə təkliflərlə çıxış edə bilməzlər: “Sizcə bu adekvat insandır?”
O, əlavə edib ki, Ukraynanın 20-dən çox atom elektrik paylayıcı stansiyasını Rusiyanın hücumlarından qorumaq üçün daha 19 hava hücumundan müdafiə sisteminə, eləcə də şəhərləri qorumaq üçün “Patriot”lara ehtiyacı var.
“AzPolitika.info”