Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan boksçuları 2024-cü ildə 160 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev kişilər arasında ölkə çempionatının bağlanış mərasimi zamanı məlumat verib.
O, ötən illə müqayisədə builki medal sayının daha çox olduğunu bildirib: "Mükafatçılar arasında kiçik yaşlı uşaqların olması müsbət məqamdır. Bu il bizim üçün uğurlu oldu. Sumqayıtda, Lənkəranda boks mərkəzləri inşa edildi. Gəncə şəhərində isə bu istiqamətdə işlər gedir. Prezident İlham Əliyev hər zaman ölkə idmanına böyük dəstək verir. Dövlətimizin başçısı idmançıların rifahını yaxşılaşdırmaq üçün əlindən gələni edir".
S.Babayevin sözlərinə görə, Azərbaycanın beynəlxalq dərəcəli boks hakimlərinin sayı 8-dən 21-ə yüksəlib.
Federasiya prezidenti sonda Azərbaycan çempionatında ilk dəfə olaraq 41 klubun iştirak etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, kişilər arasında Azərbaycan çempionatına bu gün yekun vurulacaq. Qadın boksçuların Azərbaycan çempionatı isə artıq başa çatıb. İki çəki dərəcəsində medalçılar bəlli olub. Həmçinin 5 çəkidə Boks Federasiyasının seçmə turnirinin qalibləri müəyyənləşib.