AZ

"Məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyəti yüksəkdir"

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 247 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Ənvər Babayev oldu.

Ənvər Babayev söhbətə əvvəlcə özü haqda geniş məlumat verməklə başladı: "Mən Babayev Ənvər Salman oğlu 1960-cı ildə doğulmuşam. 1981-ci ildə Qazaxıstan Respublikasında Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşam. 1981-ci ildə isə institut təhsilimi başa vurmuşam. Həmin vaxtdan bu günədək fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm".

O, iştirak etdiyi müsabiqələrdən və layiq görüldüyü mükafatlardan da söz açıb: "Müxtəlif yarışlara qatılmışam. Rayon, şəhər və Respublika yarışlarında fəal iştirak etmişəm. 2011-ci ildə "Azərbacan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" adına layiq görülmüşəm".

Ə.Babayev vurğulayıb ki, COP-29 tədbiri ilə əlaqədar yaranmış fasilədən sonra uşaqlar fiziki tərbiyə dərslərində fəal iştirak edirlər: "Fiziki tərbiyə dərsləri həqiqətən də çox maraqlı və rəngarəng keçir. COP-29 zamanı fasilə yaranmışdı və uşaqlar dərslər üçün çox darıxmışdılar. Fasilədən sonra artıq dərslərimizə yenidən həvəslə davam edirik".

O, məktəblərdə fiziki tərbiyə dərslərinin keyfiyyətini belə dəyərləndirib: "Azərbaycan idman sahəsində beynəlxalq arenalarda böyük uğurlar qazanıb. Bunu nəzərə alaraq fiziki tərbiyə fənninin keyfiyyətini yüksək qiymətləndirirəm. Uşaqların bu fənnə həvəsi böyükdür. Onların diqqətini, marağını daha çox cəlb etmək üçün siniflər arasında yarışlar, şən startlar, mütəhərrik oyunlar, estafetlər və viktorinalar keçiririk". 

Həmsöhbətimiz məktəblərdə idman zallarının durumun yaxşı olduğunu qeyd edib: "Məktəblərdəki infrastrukturu normal qiymətləndirirəm. Bizim məktəbimizin idman zalı əla vəziyyətdədir. Meydançamız isə asfalt örtüklə örtülüb".

Ə.Babayev şagirdlərin idman yarışlarına həvəslə qatıldıqlarını deyib: "Şagirdlərimiz idman yarışlarında fəal iştirak edirlər. Uşaqlar müxtəlif turnirlərə qatılırlar. Məsələn, ibtidai siniflər arasında şahmat yarışları təşkil olunur. Yuxarı sinif şagirdləri arasında isə voleybol, basketbol, atletika yarışları keçirilir. İbtidai sinif şagirdlərinin ən çox sevdiyi idman növü də məhz şahmatdır. Yuxarı siniflərdə isə futbola, güləşə maraq böyükdür".

O vurğulayıb ki, uşaqların idmana marağını artırmaq üçün daha çox yarışlar təşkil etmək lazımdır: "Ölkəmizdə uşaqların və yeniyetmələrin idmana marağını artırmaq, idmanın səviyyəsini daha da yaxışlaşdırmaq istəyiriksə, yarışların sayını çoxaltmalıyıq. Aşağı yaş qruplarından başlayaraq, uşaqlara idmanı aşılamaq, idmanı sevdirmək lazımdır".

Ə.Babayev uşaqları və yeniyetmələri pis vərdişlərdən uzaqda saxlamaq üçün fiziki tərbiyə müəllimlərinin üzərinə düşən öhdəlikdən də danışıb: "Müəllimlər öz üzərlərinə düşən vəzifəni həyata keçirməlidirlər. Yəni, uşaqları inandırmaq lazımdır ki, idmanın insan sağlamlığına böyük faydası var. Bunu dərk edən uşaqlar pis vərdişlərdən uzaqda qalacaqlar, idmanla məşğul olacaqlar. Hər bir müəllim dərslərin giriş hissəsində ölkəmizdəki tanınmış idmançılar haqda uşaqlara məlumat verməlidir. Onların uğurları şagirdləri daha da həvəsləndirəcək".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

phrase_var_article.chosen
14
teleqraf.com

1phrase_var_article.sources