Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.
Özbəkistanın paytaxtı Daşkənddən iki qonaq gəlmişdi Bakıya. Ulucay Akifin dostları idilər, Tacikistanda hansısa tədbirdə tanış olublar; Şükür və Kazım. Şükür ticarətlə məşğuldu, Kazım isə hava limanında işləyir.
Özbək qardaşlarımızın paytaxtımıza gəlişindən xəbər tutub bir miyanə məclis təşkil etdik. Bir az Əlişir Nəvaidən, bir az Füzulidən, bir az Daşkənddəki bahalıqdan, siyasi vəziyyətdən, Bəşər Əsəddən, Nəsibə Abdullayevadan, “Qara göz boy-boy”dan, Leyla Şərifovadan, türk dünyasının ümummilli sənətkarlarından, özbək dilindən, rus dilindən, öz ana dilimizdən, dolmadan, tütəkdən, Vaqif Bayatlı Odərdən danışdıq. Axırda sözüm bitdi, badımcan şorabasından söhbət saldım, dostlardan badımcanın rusca tərcüməsini xəbər aldım. Bu sualıma himə bənd imişlər, hamısı bir ağızdan “baklacan!” dedi.
“Baklacan” deyiləndə gözümə işıq gəldi, bilmirəm səbəbi nədi, başqa dildə hansısa sözün öz dilimizdəki qarşılığı ilə oxşar olduğunu görəndə sevinirəm. Yəqin, hansısa travmanın məhsuludu.
Əl-qərəz, danışdıqca danışdıq. Bu Şükür yaman çoxbilmişdi. İngiliscə də öyrənib, rusca da, az-çox azərbaycanca da. Bir dildə başa sala bilmədiyin nəsnəni başqa dildə izah edə bilirdin. Bilirsiz də, biz də “böyük qardaş sindromu”ndan əziyyət çəkirik axı, mən də bu xalqın bir nümayəndəsi kimi həmin sindromdan çıxış edərək yarı ingilis, yarı rus biliklərimlə ünsiyyət qurmaq istəyirdim. Şükür azərbaycanca cavab verib məni utandırırdı.
Söhbət gəlib “Fəridəm” mahnısından düşdü.Məlum oldu ki, bu özbək qardaşların “Fəridəm” mahnısından ötrü ürəkləri gedir. Nəsibə Abdullayevanın ifasında sözügedən mahnını çox seviblər. Mən də Yutubdan bizim görkəmli sənətkarımız Akif İslamzadənin ifasında “Fəridəm” mahnısını qoşdum, çox bəyəndilər. Çox böyük təntənə ilə sözə başladım: “On narodnıııy artistttt...” Ani olaraq səsim kəsildi. Cümləmin ardını gətirə bilmədim, söz tapmadım. Birdən yadıma düşdü ki, Akif İslamzadə Xalq artisti deyil, Əməkdar artistdir. Heç rusca Əməkdar artistin qarşılığını da bilmirdim. Bir anlıq utandım. Səsi ilə nəinki özbəkistanlını, elə hər kəsi məftun edəcək potensialda olan səs sahibinin ölkəmizdə ali fəxri ada layiq görülməməsi məni utandırdı. Akif İslamzadəyə görə nə qədər fəxr eləsəm də, bir o qədər utandım.
Söhbət başqa kiminsə fəxri ad almasından getmir. “Miri Yusif niyə Xalq artistidi, filankəs yox” kontekstində məsələyə yanaşmaq fayda verməz. Söhbət ayrı-ayrı şəxslərin yaradıcılıqlarına qiymət vermə meyyarlarının naməlum olmasından gedir. Bunun əsas səbəbkarları təqdimetmə prosesində iştirak edən şəxslərdir. Hamı bilir ki, fəxri ad Prezidentin Sərəncamı ilə verilir. Bunun üçün də müvafiq dairələrdən adlar təqdim olunur. Akif İslamzadə bu ölkədə mədəniyyəti təbliğ etməkdən başqa hansı pis işi görüb ki, ona Xalq artisti fəxri adı verilmir?
Akif İslamzadə sənətkar ailəsində dünyaya gəlib və özü də son 30 ildir səhhəti ilə bağlı oxumadığına baxmayaraq, sənətkar statusunu qazanıb. Bu sənətkar adını ona heç kim verməyib. İndi Xalq artisti adı üçün Akif İslamzadə daha nə etməlidi? Müvafiq qurumlar özlərini Akif İslamzadənin taleyi kimi aparır, susqun və etinasız.
Yazını qələmə alıdıqdan sonra öyrəndim ki, Akif İslamzadə heç Əməkdar artist belə deyilmiş...
***
Özbəkləri kirayələdiyimiz evə aparanda da Bakı haqqında xeyli danışdıq. Yaraşıqlı tikililər, dövlət əhəmiyyətli binalar, küçələr barədə qonaqlara məlumat verdik və nəhayət, Bakı Dövlət Sirkinin qarşısında dayandıq. Bayaqkı əzmlə əllərimi göyə qaldırıb pafosla uğuldadım: “Bakinski Qasudartsvinni Sirk…” Sirkimizin gözəlliyini, sirk işçilərimizin səriştəsini vəsf elədim. Belə məlum oldu ki, kirayələdiyimiz ev sirkin arxasındakı binada yerləşir və həmin binaya getmək üçün sirkin həyətindən keçmək lazımdı. Pilləkənlərə yaxınlaşanda dəhşətə gəldim; köhnəlmiş bina, uçulmağa hazır olan pilləkən... Özbəklər, əvvəlcə, ətrafa, sirkin binasına, pilləkənlərinə, sonra bir-birinə, sonda da mənə baxdılar. Özümü danladım, axı sənin nəyinə lazımdı sirk barədə danışmaq? Paytaxtın mərkəzində belə bir mədəni əhəmiyyətli binanın belə nimdaşlığına görə ancaq və ancaq utanmaq olar.
Sirk performansları ölkələrdən ən maraqla qarşılanan kütləvi tədbirlər siyahısındadır. Azərbaycanda da sirkə böyük maraq var. Bu qədər əzəmətli binalar tikilən, günü gündən gözəlləşən paytaxtımızda sirk üçün bir görkəmli bina təsis etmək belə çətindirmi?.. İndi gəl bu özbəklərə başa sal ki, biz mədəniyyətə, incəsənətə qarşı çox həssasıq, amma nədənsə sirkin binası yaddan çıxıb, qalıb sovetin dövründə...
***
Nəhayət, günün kulminasiyası barədə, ironik olsa da, kədərli situasiya barədə danışım. Özbəklər üçün kirayələdiyimiz evin yerləşdiyi məhlənin girişində küçənin adı həkk olunub və görkəmli sənətkarımızın adı məhz bu cür yazılıb: “Bül-bül”. Bəli, “Bülbül” yox, məhz “Bül-bül”. Tez Bülbülün “Sənsiz”i ifa etdiyi videonu qoşdum, özbəklər əcəb feyziyab oldular. Sənətkarımızın əsl adını, soyadını dedim, onun vaxtilə Özbəkistan səhnəsində “Koroğlu” operasını ifa etdiyi barədə danışdım, ermənilər tərəfindən güllələnə büstünü göstərdim, ev-muzeyinin işğaldan əvvəl, işğal dövründə və indiki vəziyyətinin fotolarını göstərdim. Feyziyab şəkildə başlarını yelləyib sənətkarın adını bu cür tələffüz etdilər: “Bül... bül...”. Dedim: “Bül... bül” yox, Bülbül”. Nə qədər illah elədim, elə hey belə dedilər: “Bül... bül”. Küçənin adını əks etdirən lövhədə “Bül-bül” şəklində yazıldığına görə, o yersiz və qüsurlu defis işarəsi ucbatından özbəklər Bülbülün adını düzgün tələffüz edə bilmədilər.
Restoran, küçə, müxtəlif iaşə obyektlərinin adındakı, küçədəki elanlar, afişalar, reklamlardakı dil xətaları Azərbaycan dilinə edilən hörmətsizlikdən başqa bir şey deyil. Şəhərin əsas küçələrindən birində bir sənətkarın adının yazılışında təhrif etmək hansı məsuliyyətsizliyin bədəlidir? Dil Komissiyası yaratdılar, qalaq-qalaq kitab çap elədilər, hansı təsiri oldu? Heç bir. Müvafiq qurumlardan komissiya təşkil edilməli, həmin komissiyanın üzvlərini də şəhərin canına salmaq lazımdır. Yoxsa hələ çox utancverici mənzərələr qarşımıza çıxacaq.