Ermənistan sülh sazişinin imzalanmasından sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddiaların geri götürülməsi ideyasını məqbul sayır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib. Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaların geri götürülməsini məntiqli adlandırıb: “Burada iki nüans var. Birincisi odur ki, ikitərəfli formatda beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin həlli üçün aydın perspektiv olmalıdır; ikincisi, aydın başa düşülməlidir ki, başqa məsələlərlə bağlı mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidir”.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Paşinyan bu yolla perspektivdə Azərbaycanın da Ermənistana qarşı məhkəmə iddialarını geri götürməsinə çalışır:
“Məsələ ondan ibarətdir ki, bu iddialar eyni səviyyəli məsələlər deyil. Ermənistanın iddiaları əsassızdır, Azərbaycanın isə əsasları var. Xüsusilə işğal dövründə Azərbaycanın tarixi- mədəni abidələrinə, ekologiyasına vurulan ziyana görə Ermənistana qarşı iddialar kifayət qədər tutarlıdır. İkinci bir tərəfdən, dəymiş maddi ziyan qarşılığında Azərbaycan perspektivdə Ermənistandan maddi təzminat tələb edə bilər. İrəvan bunu bilir. Ona görə də indidən “qarşılıqlı güzəşt əsasında” Azərbaycanı məhkəmə iddialarından çəkindirməyə çalışır”.
Şərhçi qeyd etdi ki, Paşinyan bu açıqlaması ilə Ermənistanın sülhdə səmimi olduğunu göstərməyə çalışır:
“Hərçənd bu, əbəs səydir. Ermənistanın sülhdə səmimi olduğunu göstərməyin yeganə yolu ən qısa zamanda konstitusiya dəyişikliyinə gedərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir”.
Günay Rəsulqızı