Bu gün qarşıdan gələn Yeni İl və Hanuka bayramları münasibətilə İsrail Səfirliyi görmə qabiliyyətini itirmiş və ya görmə məhdudiyyəti olan dörd Azərbaycan vətəndaşına innovativ "OrCam MyEye" cihazlarını hədiyyə edib.
Trend xəbər verir ki, hədiyyələrin təqdim edilmə mərasimi Bakının unikal mədəni və mənəvi əhəmiyyətə malik tarixi Atəşgah Məbədində, həmçinin “Od Məbədi” olaraq tanınan məbəddə keçirilib.
Bildirilib ki, bu təşəbbüs, xüsusilə hədiyyə, işıq və ümidlə dolu bayram mövsümündə, ehtiyacı olanları dəstəkləmək və inklüzivliyi təşviq etmək öhdəliyini əks etdirir. Məlumata görə, bu müasir alət, görmə məhdudiyyətləri və digər fiziki məhdudiyyətləri olan şəxslərə mətn oxumaq, üzləri tanımaq və ətraf mühitdə istiqamət tapmaq üçün əhəmiyyətli dəstək verir.
"OrCam MyEye" cihazları görmə qabiliyyətini itirmiş və ya görmə məhdudiyyəti olan dörd Azərbaycan vətəndaşına - ADA universitetinin Hüquq və Biznes üzrə professoru Elnur Eyvazov, Bakı Dövlət Universitetinin tələbəsi Nihat Əlizadə, aktrisa Günay Məmmədova, musiqişünas Nuranə Cabbarlıya təqdim olunub.
Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik qeyd edib ki, bu gün təqdim edilən qurğu iki millət arasında olan münasibətlərin bir simvolu olacaq və iki millətin gələcəyini daha da parlaq edəcək.
"Bu gün mən burada sizinlə Yeni İlə və Hanuka bayramına yaxın gündə işığın bayramı anını bölüşməkdən özümü çox xoşbəxt hiss edirəm. Azərbaycan və İsrailin dostluğunun tarixi çox qədimdir. Amma məsələ ondadır ki, hər şeyin kökündə, əsasında insanların bir-birinə olan yaxşı münasibəti dayanır. Diplomatik əlaqələr çox vacibdir. Amma insanlar, xalqlar arasında olan bağlılıq həmin diplomatik münasibətlərə daha çox ruh verir. Bu gün bu kiçik və əhəmiyyətli bir qurğu ümid edirik ki, insanlar arasında olan o bağlılığı daha da dərinləşdirəcək. Bu gün burada təqdim etdiyimiz "OrCam" cihazı təkcə unikal bir avadanlıq deyil, bu, əlavə olaraq insanlara, şəxsiyyətlərə özünə əminlik bəxş edəcək. Bu, nə üçün əhəmiyyətlidir? Çünki innovasiya insanlara xidmət etdikdə daha da güclü olur", - deyə o qeyd edib.
O qeyd edib ki, İsrailin tarixi elədir ki, çətinlikləri həmişə yeni bir nailiyyətlərə çevirir.
""OrCam"ın fəlsəfəsi məhz buna əsaslanır. Heç bir çətinlik, mövcud olan heç bir çətin vəziyyət insanın önünə sədd olmamalıdır, insan hər şeyin öhdəsindən gələ biləcək bir gücə malikdir. Bu məsələdə hər şey insanın istəyinə bağlıdır. İstək varsa həmin nəticəni əldə etmək də mümkün olar. Bu tədbirin təşkili Yeni İl və Hanuka bayramına daha yaxındır və düşündük ki, daha çox işığı biz necə cəmiyyət üzvlərimizə gətirə bilərik. Bu gün təqdim etdiyimiz bu cihaz müasir bir işıq simvolu kimi təqdim oluna bilər. İnanıram ki, 4 şəxsə təqdim olunacaq bu cihaz onların həyatını tam dəyişdirəcək. Əminəm və inanıram ki, hər biriniz bu avadanlığı istifadə edib öz unikal həyatınıza tətbiq edəcəksiz. İnanıram ki, bu qurğular hamımızı ruhlandıracaq, ona gətirəcək ki, biz hamımız düşünək və bir yerdə işləsək hansı nailiyyətlərə çata bilərik. Təqdim etdiyimiz qurğu iki millət arasında olan münasibətlərin bir simvolu olacaq və iki millətin gələcəyini daha da parlaq edəcək. Fürsətdən istifadə edərək, sizi qarşıdan gələn Yeni İl və dünya azərbaycanlılarının həmrəylik günü, eləcə də Hanuka bayramı münasibətilə təbrik edirəm", - səfir qeyd edib.
Qeyd edək ki, "OrCam" cihazları vizual süni intellekt mütəxəssisləri tərəfindən hazırlanıb. Onlar öncə "MobileEye" texnologiyasını inkişaf etdiriblər və bu texnologiya 2017-ci ildə Intel tərəfindən 15,3 milyard dollara satın alınıb. OrCam qabaqcıl süni intellekt texnologiyaları vasitəsilə inklüzivliyi təmin etmək üçün həllər yaratmaq məqsədilə yaradılıb. O, görmə məhdudiyyətləri və digər fiziki məhdudiyyətləri olan insanları dəstəkləməyə həsr olunmuş yardımçı texnologiyalar sahəsində lider innovatordur.