AZ

Dünyanın müzakirə etdiyi şəkillər

Suriyada Əsəd rejiminin çökməsi ilə vətəndaş müharibəsi boyu hərbi xəstəxanalara gətirilən cənazələrin qeydə alınmasından məsul olan "Sezar" kod adlı keçmiş rejim əsgərinin çəkdiyi şəkillər yenidən müzakirə olunur.

"Cebheinfo.az" xəbər verir ki, Suriyada 61 illik Baas rejiminin devrilməsi rejimin işgəncə mərkəzləri kimi tanınan həbsxanalarda sistemli şəkildə insan haqlarını pozması və məhbusların işgəncələr nəticəsində həlak olması gündəmə gəlib.

Suriyalı insan haqları vəkili İbrahim əl-Qasim Bəşər Əsəd rejiminin törətdiyi cinayətləri sənədləşdirən "Sezar" kod adlı keçmiş rejim əsgərinin çəkdiyi şəkillərin uşaqların işgəncəyə məruz qaldığını göstərdiyini bildirib.

Ölkədə vətəndaş müharibəsinin başlaması ilə başlayan hadisələr zamanı həbs edilən insanların olduğu bu həbsxanalarda minlərlə insan rejim qüvvələri tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb.

İbrahim əl-Qasim Əsəd rejiminin həbsxanalarında saxlandığı zaman yaşadıqlarına əsaslanaraq bu yerlərin insan ləyaqətini təmin edən ən sadə standartların olmadığını, izdihamlı kameralarda təmiz havanın az olduğunu, yemək nadir hallarda verildiyini deyib.

İbrahim əl-Qasim məhbusların bəzən illərlə çimmək imkanının olmadığını, bu həbsxanalarda saxlanılanların saxlandıqları andan etibarən "döyülmə, elektrik şoku, yemək və su kimi əsas ehtiyaclarından məhrum etmə" kimi işgəncələrə məruz qaldıqlarını ifadə edib.

Şəkillərin rejim tərəfindən işgəncə və qeyri-insani üsullarla öldürüldüyü təsbit edilən 20-40 yaş arası təxminən 11 min insana aid olduğu düşünülür.

İbrahim əl-Qasim "Sezar"ı və "Sami" kod adlı keçmiş rejim əsgərlərini şəxsən tanıdığını bildirib:

"Fotolar uşaqlar və böyüklər də daxil olmaqla, müxtəlif yaş qruplarından olan qurbanların olduğunu və rejimin qəddarlığını göstərir".

O, əlavə edib ki, rejimin devrilməsi əvvəllər Suriya ərazisinə girişi qadağan edilmiş beynəlxalq istintaq qruplarının cinayət yerlərinə daxil olmasını, qurbanlar və şahidlərlə əlaqə saxlamasını və sübut toplamasını asanlaşdıracaq.

phrase_var_article.chosen
9
cebheinfo.az

1phrase_var_article.sources