AZ

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir

Bakı, 20 dekabr, AZƏRTAC

Kitabxanalar və muzeylər qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara və təsis edildikləri nizamnaməyə əsasən, təsərrüfat fəaliyyətləri ilə məşğul olma hüququna malikdirlər.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin dekabrın 20-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, “Kitabxana işi haqqında” qanunun 31-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsindəki “vəsait kitabxananın sərəncamında qalır” ifadəsi dəyişdirilir. Yeni tənzimləməyə görə, bu vəsaitlər “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” olaraq müəyyən edilib. Bu dəyişiklik kitabxanaların maliyyə resurslarından istifadənin müvafiq qaydalara uyğun şəkildə tənzimlənməsini təmin edir.

Muzeylərə dair Qanuna dəyişikliyə əsasən isə 25-ci maddənin ikinci cümləsindəki “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” ifadəsi də yenilənib. İndi həmin ifadə “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” olaraq dəyişdirilib. Bu dəyişiklik muzeylərin gəlirlərinin istifadəsinin daha şəffaf və nizama salınması məqsədini daşıyır.

Yeni dəyişikliklər kitabxanaların və muzeylərin maliyyə resurslarının düzgün və səmərəli istifadəsinə nəzarətin artırılmasına, həmçinin dövlət və qeyri-dövlət mülkiyyətində olan bu müəssisələrin fəaliyyətlərinin tənzimlənməsinə xidmət edəcək.

phrase_var_article.chosen
7
2
azertag.az

3phrase_var_article.sources