AZ

MDU ilə Düzce Universiteti arasında onlayn iclas keçirilib

19 dekabr 2024-cü il tarixində saat 11:00-də Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi və Düzce Universiteti İşletme fakültəsinin rəhbərliyi və əməkdaşların iştirakı ilə online iclas keçirildi. İlkin tanışlıq məqsədi daşıyan görüşdə, Düzce Universitetinin İşletme fakültəsinin dekanı prof. Enver Bozdemir və dekan müavini dos. Nevin Özer, MDU-nun Elmi işlər üzrə prorektor əvəzi prof. Veysəl Əyyubov, İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı dos. Nüşabə Qədimli, dekan müavini, baş müəllim Nazim Niftəliyev, Biznes ve menecment kafedrasının müdiri dos. Emiliya Hüseyinova, İqtisadiyyat kafedrasının baş müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Məmmədli, baş müəllim Günəş Şəfaqətov, həmçinin fakültənin bir neçə əməkdaşı iclasda iştirak etdilər.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbiri açıq elan edən MDU-nun Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri dos. A.Məmmədov, sözü dos. Nüşabə Qədimliyə verdi.

N.Qədimli əvvəlcə, Düzcə Universiteti İşletme fakültəsinin dekanı prof. Enver Bozdemiri, dekan müavini Nevin Özeri və rəhbərlik etdikləri  İşletme fakültesi kollektivini salamladı. Belə bir görüşün təşkil edilməsindən çox şad olduğunu qeyd etdi. 13 dekabr 2024-cü il tarixində iki ali təhsil müəssisəsinin rektorlarının imzaladığı əməkdaşlıq haqqında memorandumun hər iki tərəf üçün səmərəli olacağına inandığını qeyd edən, N.Qədimli, vurğuladı ki, bu məqsədlə, iki fakültənin həm pedaqoji sahədə, həm də elmi tədqiqat sahəsində bir sıra layihələri reallaşdırması üçün imkanlarımızı səfərbər edəcəyik və konkret addımlar atacağıq. Türkiyənin önəmli universitetlərindən biri olan və böyük maddi-texniki bazaya malik olan Düzce Universitetinin İşletme fakültəsinin bizimlə əməkdaşlığını yüksək qiymətləndiririk və çalışacağıq ki, həm əməkdaşlarımız, həm də tələbələrimiz bu əməkdaşlıqdan səmərə əldə etsinlər.

 

Daha sonra söz Düzce Universiteti İşletme fakültəsi dekanı prof. Enver Bozdemirə verildi. Prof. E.Bozdemir, əvvəlcə, görüş iştirakçılarını salamladı, sonra isə qeyd etdi ki, Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində faydalı layihələr həyata keçirəcəklərinə səmimi qəlbdən inanır. E.Bozdemir həmçinin vurğuladı ki, biz MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bütün təkliflərini qiymətləndirməyə və imkanlarımız daxilində reallaşdırmağa açığıq. Əməkdaşlığımızın başlanğıc mərhələsində onlayn ustad dərslərin, online seminarların, dəyirmi masaların təşkilini həyata keçirmək mümkündür. Sonrakı mərhələlərdə isə birgə konfransların, forumların təşkil edilməsi, qısamüddətli müəllim və tələbə mübadiləsinin reallaşdırılması üzərində dayanmaq olar. Gələcəkdə magistratura səviyyəsində ortaq magistr proqramlarının təşkil edilməsi üçün də çalışmaq mümkündür. Bunun üçün Türkiyə ilə Qazaxıstan, Türkiyə və Qırğızıstan universitetlərinin birgə təcrübəsindən istifadə etmək olar. E.Bozdemir qeyd etdi ki, yaxın günlərdə fakültənin bütün kollektivinin iştirak edəcəyi geniş iclasda bu əməkdaşlıq haqqında onlara geniş məlumat veriləcək və hər bir əməkdaşın fəal olaraq bu prosesdə iştirakını xahiş edəcəkdir.

 

Sözlərini bitirdikdən sonra, E.Bozdemir, online görüşdə iştirak edən MDU-nun digər əməkdaşlarının da fikirlərini eşitmək istədiyini bildirdi və sözü dos. Emiliya Hüseyinovaya verdi.

 

Dos. E.Hüseynova qeyd etdi ki, bu əməkdaşlıq hər iki tərəf üçün də son dərəcə səmərəli olacaqdır və rəhbərlik etdiyi kafedra fəal şəkildə bu əməkdaşlıqda yer alacaqdır.

 

Sonra, Dr. Vüqar Məmmədli çıxış edərək, iki fakültənin əməkdaşları arasında elmi tədqiqat sahəsində əməkdaşlıq imkanlarından bəhs etdi. Bu məqsədlə, şəxsən özünün Düzcə Universiteti İşletme fakültəsinin müvafiq sahə üzrə tədqiqat aparan əməkdaşları ilə birgə məqalə üzərində işləmək istədiyini qeyd etdi.

Çıxış edən, baş müəllim Günəş Şəfaqətov da iki fakültə arasında əməkdaşlıq imkanlarının geniş olduğunu qeyd etdi və əlavə etdi ki, müəllimlərin qarşılıqlı təcrübə mübadiləsi keyfiyyətli təhsil və tədqiqat mühitinin formalaşması baxımından mühüm töhfə verəcəkdir.

 

Söz alan dekan müavini dos. Nevin Özer, rəhbərlik etdikləri fakültənin kollektivinin, Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etdi. Bu əməkdaşlıq təkcə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsi üçün deyil, həmçinin Düzcə Universiteti İşletme fakültəsi üçün də önəmlidir, özlərinin də bu əməkdaşlıqdan öyrənəcəyi çox şey olduğunu vurğuladı.

 

Sonda prof. E.Bozdemir, hər iki fakültənin rəhbərlərinin, kafedra müdirlərinin və bir sıra professor və müəllimlərinin də iştirakı ilə yaxın günlərdə yenidən online görüşün keçirilməsi məqsədəmüvafiq olacağını ifadə edərək, bu görüşə qədər olan müddətdə isə müzakirə ediləcək konkret məsələlər üzərində tərəflərin təkliflər hazırlamasını təklif etdi.

 

Çıxışçıların fikirləri yekunlaşdıqdan sonra dos. A.Məmmədov, çıxışlarda ifadə edilən maraqlı təklifləri qeyd etdiyini, bu təkliflər və əməkdaşlıq imkanlarının mövcud olduğu bir sıra məsələlərə dair geniş təkliflər planı hazırlanacağını, növbəri görüşdə həmin məsələlərin müzakirə edilərək, konkret addımların atılması üçün razılıq əldə ediləcəyini vurğuladı.

 

Başda dekanlar olmaqla, bütün iştirakçılara təşəkkür edən dos. A.Məmmədov, görüşü yükunlaşdırdı.

phrase_var_article.chosen
6
azedu.az

1phrase_var_article.sources