AZ

Türkiyənin qış möcüzələrini kəşf edin - FOTOLAR

Dünyanın ən çox ziyarət edilən beş ölkəsindən biri olan Türkiyə, dörd mövsümü tam gözəlliyi ilə yaşaya biləcəyiniz nadir ölkələrdən biridir. SİA xəbər verir ki, Yaz və yay fəsillərindən başqa, qış da Türkiyənin qarla örtülmüş sehrli gözəlliklərini kəşf etmək üçün ideal zamandır. Dünya səviyyəli xizək kurortlarında müxtəlif qış idman növlərindən tutmuş isti və rahat məkanlarda dincəlməyə qədər, Türkiyə unudulmaz qış tətili üçün sonsuz macəralar təqdim edir. Gəlin, Türkiyədə sizi hansı qış məcaralarının gözlədiyini öyrənək.

Xizək və qış idmanlarının həyəcanı

Türkiyədə qış tətillərindən tam zövq almağın ən yaxşı yolu, möhtəşəm dağlar üzərində yerləşən xizək kurortlarıdır. Davamlı qar örtüyü, gözəl yamaclar, dəbdəbəli otellər və yüksək keyfiyyətli avadanlıqları ilə bu kurortlar xizək sürmə, snoubord, heli-xizək kimi müxtəlif qış idman növləri üçün mükəmməldir.

Bursa şəhərindəki Uludağ, İstanbulun yaxınlığında yerləşdiyi üçün məşhur olan kurortlardan biridir. Burada kanat yolları, xizək avadanlığı icarəsi kimi üstünlüklər mövcuddur. İstanbuldan asanlıqla çatmaq mümkün olan digər bir məkan isə Kocaelidəki Kartepedir. Bu kurort hər səviyyədə xizəkçilər üçün uyğun yamacları ilə daha sakit və rahat xizək təcrübəsi təqdim edir. Boluda yerləşən Kartalkaya isə böyük şəhərlərə yaxın olan digər bir seçimdir. Gözəl meşələrlə əhatələnmiş bu məkan xizəkçilər üçün xüsusi sahələr və müasir xizək liftləri ilə məşhurdur.

Mərkəzi Anadoluda, Kapadokiya bölgəsinə yaxın yerləşən Erciyes Dağı, 41 xizək trası və müasir infrastrukturu ilə seçilir. Buraya tez-tez təşkil edilən uçuşlarla rahatlıqla çatmaq mümkündür. Şərq istiqamətində isə Erzurumdakı Palandöken Dağı peşəkar xizəkçilər üçün dik yamacları, ölkənin ən uzun xizək trası və yumşaq qar örtüyü ilə fərqlənir. Daha sonra Şərqi Anadolunun qış möcüzələr diyarı olan Karsdakı Sarıqamış kurortu gəlir. Alp dağlarını xatırladan kristal qar örtüyünə sahib Sarıqamış, yaxınlığındakı Çıldır Gölü və qədim Ani şəhəri kimi turistik məkanlarla qışın gözəlliyini və sehrini tam olaraq yaşamağa imkan verir.

Qış sehrinə bürünmüş Kapadokiya

Kapadokiya, Türkiyədə ilin hər fəsli kəşf edilməyə dəyər, sehrli bir diyardır. Müasir imkanlarla lüks butik otellərə çevrilmiş bu qədim mağaralarda, rahat otaqlarda dərin yuxuya dalmaq, isidilən hovuzlarda və spa-saunalarda rahatlamaq, həmçinin Kapadokiyanın yerli üzümündən hazırlanmış bir qədəh şərab içərək kamində isinmək əvəzedilməz bir təcrübədir. Bölgənin zəngin tarixi və mədəni irsi fonunda, sirli yeraltı şəhərlərini ziyarət edə və həmçinin bir keramika emalatxanasında da dərs ala bilərsiniz.

İstanbul mədəniyyətinə səyahət

Qış fəslində İstanbulun mədəni zənginliklərini kəşf etmək üçün ideal vaxtdır. Hər bir küçəsində ənənə və müasirliyin harmoniyasını hiss edəcəyiniz bu şəhər, panoram mənzərələr, tarixi abidələr, ziyarət ediləsi muzeylər, iştirak ediləsi müxtəlif tədbirlər və dadına baxılacaq yerli ləzzətlərlə doludur.

Tarixi Yarımadaya səfər edərək Ayasofya, Yerebatan Sarnıcı kimi şəhərin simvolik binalarını görə və İstanbul Modern, İstanbul Arxeologiya Muzeyi və İstanbul Rəsm və Heykəl Muzeyi kimi məkanlarda müasir incəsənət və tarixin izlərini yaşaya bilərsiniz. Səyahətə başlamazdan əvvəl Atatürk Mədəniyyət Mərkəzi (AKM) kimi müasir incəsənət mərkəzlərinin təqvimini yoxlamağı unutmayın. Dünyanın ən yaxşı qastronomiya şəhərlərindən biri olan İstanbulda Michelin ulduzlu restoranlarda yemək yeyə və ya qış küçə ləzzətlərinin dadına baxa bilərsiniz. “Salep” və “boza”dan qovrulmuş şabalıd və qarğıdalıya qədər hər bir dad qış mövsümünün fərqli bir zənginliyini təqdim edir.

Qışda günəşli istiqamətlər: İzmir, Antalya

Türkiyənin Egey və Aralıq dənizi bölgələrində qışda da isti bir tətil keçirmək mümkündür. İsti iqlimi ilə ilk dayanacaq, Lonely Planet-in “Best in Travel 2024” siyahısına daxil edilən Egey dənizinin incisi İzmir şəhəridir. Burada bir çox tarixi abidələri ziyarət edə bilər, qış mövsümündə daha da olan cazibədar kəndləri kəşf edə bilərsiniz.

Məsələn, Urlada Michelin ulduzlu restoranlardan birində Egey mətbəxinin ləzzətlərini dadmaq, şərab marşrutundakı üzüm bağlarını ziyarət etmək və dünyanın ən qədim zeytun yağı emalatxanasını görmək mümkündür. Digər tərəfdən, BMT-nin Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilən Şirince, orijinal atmosferi, ləzzətli meyvə şərabları və geniş zeytun bağları ilə qonaqlarını gözləyir. Yaxınlıqda yerləşən qədim Efes şəhəri isə səyahətinizə xüsusi bir cazibə qatacaq.
Daha bir isti məkan, il boyu mülayim iqlimi ilə məşhur olan Türk Rivierasının parlayan ulduzu Antalya şəhəridir. Bu mövsümdə şəhərdəki dəbdəbəli otellər istirahət üçün rahat SPA xidmətləri təqdim edir. Ardınca Aspendos kimi qədim şəhərləri, Köprülü Kanyon kimi təbii gözəllikləri ziyarət edə və Belekdəki yüksək səviyyəli qolf meydançalarında oynaya bilərsiniz.

Əgər qış idmanı ilə məşğul olmaq istəsəniz, narahat olmayın. İsti havanın dadını çıxardıqdan sonra, şəhər mərkəzindən cəmi bir saatlıq məsafədə yerləşən Saklıkent xizək mərkəzində xizək sürə bilərsiniz. Sonda isə dəniz məhsulları, piyaz (lobya salatı) kimi yerli ləzzətləri və ya dünya mətbəxinin dadlı yeməklərini yerli şərabla birlikdə sınağı unutmayın.

Seçilən
5
19
sia.az

10Mənbələr