İclasda “nur şəhəri”nin təmsilçisinə dəstək olmaq istəyən şirkət rəhbərinin də iştirak etdiyi bəllidi. Amma əlavə bilgilər də var. İddialara görə, toplantıda həm də Mingəçevirdə yeni stadionun inşa edilməsiylə bağlı müzakirələr aparılıb. Hətta bu, yenilik deyil. Daha doğrusu, bu istiqamətdə ilkin addımlar hələ iki ay əvvəl atılıb və nəhayət, dünən mövzu rəsmi müstəvidə götür-qoy edilib.
“Mingəçevir”in ev oyunlarını keçirdiyi şəhər stadionunun durumu haqda daha əvvəl ətraflı məlumat yaymışıq. Qısaca xatırladaq ki, idman qurğusunun müasir standartlara cavab verən tribunaları yoxdu. Ümumiyyətlə, stadion yarımçıq tikilib. Həmçinin su sistemiylə də təmin edilməyib. Odu ki, yeni idman qurğusunun tikilməsi və ya mövcud arenanın təmir olunması sürpriz yox, zəruri addım kimi qiymətləndirilməlidi.
“Football-plus.az” qeyd olunanlar haqda Mingəçevir şəhər stadionunun direktoru Akif Hüseynovun fikirlərini öyrəndi:
“Düzü, bizə nə Gənclər və İdman Nazirliyindən, nə də AFFA-dan rəsmi məlumat gəlib. Hansısa yenilikdən xəbərimiz yoxdu. O bəllidi ki, kluba sponsor gələcək və böyük işlər görüləcək. Dediklərim isə hələ ki qeyri-rəsmi məlumatdı. Burda meydançalar yenilənməlidi, ümumi şərait yaxşılaşdırılmalıdı. Mingəçevir şəhərinin daha böyük, müasir tələblərə uyğun, həm əsas, həm də aşağı yaş qrupları üzrə komandaların inkişafı üçün lazım olan şəraitə malik stadiona ehtiyacı var”.
KƏNAN BAHADIR