AZ

Ombudsman Aparatının rəsmisi: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatı bölüşməkdən imtina edir

Bakıda Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminar çərçivəsində “Təcrübədə beynəlxalq humanitar hüquq: İtkin düşmüş şəxslər” mövzusunda sessiya keçirilib...

"Report" xəbər verir ki, sessiyaya Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) hüquqi məsələr üzrə müşavir Qumral Aslanova moderatorluq edib.

O, itkin düşmüş şəxslərlə bağlı öhdəliklərdən danışaraq bildirib ki, bu öhdəliklərin hər biri Cenevrə konvensiyalarında əks olunub:

“Onlar ratifikasiya olunub. Ancaq itkin düşmüş şəxslərlə bağlı öhdəliklərin beynəlxalq hüquqi çərçivəsinə həm də ƏPI və ƏPII, "Bütün şəxslərin məcburi yoxaçıxarmadan müdafiəsi haqqında" Beynəlxalq Konvensiya, Roma Statutu, Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) daxildir. Bunlardan isə sadəcə AİHK Azərbaycan tərəfindən ratifikasiya olunub”.

Q.Aslanova əlavə edib ki, BQXK itkin düşmüş şəxslərin ailələri ilə daim təmasdadır və həmin ailələrin yaşadığı prixososial problemlər barədə xəbərdardır.

BQXK-nın Azərbaycan nümayəndəliyinin Məhkəmə ekspertizası üzrə koordinatoru Nitin Kumar Aqraval isə çıxışı zamanı şəxsiyyətin müəyyən edilməsi prosesindən danışıb:

“İlkin araşdırma, insan qalıqlarının götürülməsi, müayinə, identifikasiya, məlumatların müqayisəsi bu prosesin tərkib hissələridir. Şəxsin kimliyi müəyyənləşdirildikdən sonra ailələrlə əlaqə saxlanılır ki, öz əzizlərinin qalıqlarını götürsünlər və dəfn etsinlər”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Aydan Talıbova söyləyib ki, hazırda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər sürətlə davam etdirilir:

“Ombudsman Aparatı tərəfindən itkin düşmüş şəxslərin ailələrinə dəstək istiqamətində mütəmadi görüşlər keçirilir və onlardan zəruri məlumatlar toplanır. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı Ombudsman Aparatı hesabat hazırlayıb. Hesabat Azərbaycan və ingilis dillərində yayımlanıb. Soydaşlarımızın ailələri onlardan məlumat almaq istəyirlər. Bununla bağlı Ermənistana dəfələrlə müraciət edilsə də, onlar məlumatların bizimlə bölüşülməsindən imtina edirlər”.

Poliqon.info

phrase_var_article.chosen
19
2
poliqon.info

3phrase_var_article.sources