Azərbaycan xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: Böyük Çillə, Kiçik Çillə və Boz Ay. Bu dövrlər qışın müxtəlif mərhələlərini əhatə edir və hər birinin özünəməxsus adətləri, inancları və mərasimləri mövcuddur. Böyük Çillə 40 gün, Kiçik Çillə 20 gün davam edir. Bu dövrlərdən sonra Novruza qədər qalan 30 gün isə Boz Ay adlanır.
Xalq təqviminə əsasən:
Böyük Çillə – dekabrın 21-dən yanvarın 30-dək,
Kiçik Çillə – yanvarın 31-dən fevralın 19-dək,
Boz Ay – fevralın 20-dən martın 20-dək davam edir.
Bu üç dövr Azərbaycanın həm təbiətinə, həm də mədəniyyətinə dərin təsir göstərib. Hər biri özünəməxsus inanclarla müşayiət olunur və Azərbaycan xalqının minilliklərdən süzülüb gələn zəngin irsini əks etdirir.
Böyük Çillə: İlin ən uzun gecəsi və onun bayramı
Böyük Çillənin ən vacib günlərindən biri onun başladığı gecədir. İlin ən uzun gecəsi kimi qeyd edilən bu tarix, Azərbaycan xalqının zəngin ənənələri və qonaqpərvərliyi ilə seçilir. Çillə gecəsi ailələr və dostlar üçün bir araya gəlmək, ilin keçmişinə nəzər salmaq və gələcək üçün ümidlər bəsləmək üçün bir fürsətdir.
Süfrələrdə əsasən payızdan saxlanılan təbii nemətlər olur:
Quru və yaş meyvələr – xüsusilə nar, alma, armud və s.
Şirniyyatlar – paxlava, qoğal, nəzik, qatlama, fəsəli.
Xüsusi nemət – çillə qarpızı.
Çillə qarpızı süfrənin tacı hesab edilir. Onun kəsilməsi ailəvi şadlıqla qeyd olunur, qarpızın təravətli rəngi və dadı o gecəyə əlavə sevinc qatır. Bu ənənə xüsusilə Güney Azərbaycanda bu gün də qorunub saxlanılır.
“Çilləlik” və hədiyyə ənənələri
Böyük Çillənin önəmli adətlərindən biri də nişanlı qızlara və yeni gəlinlərə göndərilən çilləliklərdir. Çilləlik hədiyyələri ənənəyə uyğun olaraq hava qaralmadan hazırlanır və yeddi xüsusi qaba yerləşdirilir. Bu qablar “çillə qabı” adlanır və onların içərisində müxtəlif nemətlər və hədiyyələr yerləşdirilir:
Qarpız, qovun, nar, alma – bolluq və bərəkət rəmzidir.
Un, düyü – ailə üçün xeyir-bərəkət arzulanır.
Qızıl və parçalar – yeni gəlini sevindirmək üçün.
Hədiyyələr gətirilən zaman ev sahibləri onları hörmətlə qarşılayır, üzərik yandıraraq xoş niyyətlərini ifadə edirlər. Bu hədiyyələrdən ertəsi gün qonşulara da pay göndərilir ki, bu da paylaşma və birlik ənənələrinin bir hissəsidir.
Çillə gecəsinin şənlikləri
Böyük Çillə gecəsi təkcə nemətlərin süfrəyə düzülməsi ilə yekunlaşmır. Gecə boyu ailə və qonşular arasında müxtəlif ənənələr icra olunur:
Kos-Kosa və Qapı Dinləmə – kənd yerlərində keçirilən ənənəvi oyunlardır.
Bəxt Açma – subay qızların gələcək ailə həyatını öyrənmək üçün icra olunan mərasim.
Nağıl və Bilməcə – nənə və babaların uşaqlara hekayələr danışdığı xüsusi vaxtlar.
Bundan başqa, həmin gecə düyü plovu bişirilir. İnanclara görə, bu plov çillələr boyunca ailəyə xoşbəxtlik və bərəkət gətirir. İnsanlar gecəni mahnılarla, şən zarafatlarla və bayram əhval-ruhiyyəsi ilə keçirirlər.
Kiçik Çillə və təbiətin sərt sınaqları
Kiçik Çillə, Böyük Çillədən fərqli olaraq daha sərt iqlim şəraiti ilə seçilir. El arasında bu dövr amansız şaxtaları və həyatı donduran soyuqları ilə tanınır. Lakin insanların inamı belədir: “Üzü yaza gedən qışdan qorxmağa dəyməz”.
Bu dövrdə qeyd edilən ən əhəmiyyətli bayramlardan biri Xıdır Nəbi bayramıdır. Təbiətin oyanışını, bolluq və xeyir-duanı tərənnüm edən bu bayram, xalq inanclarında xüsusi yer tutur.
Boz ay və Novruz hazırlıqları
Boz Ay dövrü – qışın son günləri ilə yazın müjdəsini gətirən zaman dilimidir. Havaların dəyişkənliyi bu dövrü xarakterizə edir. Xalq arasında Boz Aya Alaçalpo adı da verilir. Boz Ay həm də Azərbaycanın ən böyük milli bayramı olan Novruzun hazırlıq mərhələsini əhatə edir.
Novruz bayramına hazırlıqlar zamanı:
Səməni göyərdilir – yeni həyatın və təbiətin dirçəlişinin simvolu.
Şirniyyatlar bişirilir – paxlava, şəkərbura, qoğal və s.
Dörd Çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir.
Boz Ayın sonunda İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olunur və Novruz bayramının əsas hissəsi başlanır.
Çillə ənənələrinin qorunması
Zamanla bəzi çillə adətləri unudulsa da, bu ənənələr Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Güney Azərbaycanda qorunub saxlanılır. Bu adətlərin yenidən dirçəldilməsi milli kimliyimizin bir parçasıdır və Azərbaycan xalqının zəngin irsini gələcək nəsillərə ötürməkdə mühüm rol oynayır. Çillə bayramları, ailəvi birlik, dostluq və təbiətlə harmoniya içində yaşamağın ən gözəl nümunəsidir.
Xalidə Gəray
Musavat.com