Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri ilə bağlı fikirlərini açıqladı. Dövlətimizin başçısı sülh sazişinin layihəsi barədə də vacib məqamları bəyan edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Eyni zamanda, dövlətimizin başçısı dünyadakı qütbləşmə, Ukraynada, Gürcüstanda baş verən hadisələrlə bağlı mövqeyini ifadə edib.
“Bütün bunların fonunda Azərbaycan beynəlxalq müstəvidə müstəqil siyasət yürütməsi ilə tanınır. Bu da müəyyən Qərb dairələrində qıcıqla qarşılanır. Ona görə də ABŞ, Fransa kimi ölkələr Azərbaycana qarşı qərəzli kampaniyalar aparırlar. Biz bunun nümunəsini COP29 ərəfəsində də gördük. Ancaq onların bu cəhdləri də uğursuzluqla nəticələndi. Azərbaycan bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Həmçinin COP29-da qlobal iqlim dəyişiklikləri ilə mübarizədə vacib qərarlar qəbul olundu.
Lakin Qərb ölkələri qərəzli kampaniyalarla kifayətlənməyərək, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışırlar. Fransa, ABŞ tərəfindən Ermənistanın silahlandırılması bunun göstəricisidir. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz belə bir prosesi kənardan müşahidə edə bilmərik”,- deyə F.Yıldırım əlavə edib.
Onun sözlərinə görə, Ermənistan sülh istəyirsə, Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır. Nəzərə almaq lazımdır ki, hələ sülh sazişi layihəsinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan geri durmaqdır. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi fikirlərdən aydın olur ki, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdırılmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bəs bu niyə bizim üçün vacibdir? Çünki hazırda “Avropa müşahidəçiləri” pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Hələ 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilmiş dördtərəfli görüşdə razılaşdırılmışdı ki, bu müşahidəçilər geri göndərilsin. Belə qərara alındı ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olsun. Lakin sonradan əksinə olaraq bu missiyanın vaxtı uzadıldı. Dövlətimizin başçısının da bildirdiyi kimi, görünən o oldu ki, bu missiya sərhədlərimizdə kəşfiyyatla məşğuldur.
“Ümumiyyətlə, Azərbaycan Prezidentinin müsahibəsi çoxşaxəli, olduqca genişdir. Burada beynəlxalq birlik üçün də ciddi mesajlar var. Ermənistan da bu mesajlardan nəticə çıxarmalıdır”, - deyə Fatma Yıldırım vurğulayıb.