AZ

"Yelo Bank"ın kritik maliyyə hesabatları - "Etibarlı bank" statusu əriyir

Hüquqi şəxslərin depozit portfelində ciddi itki ilə üzləşən "Yelo Bank" yeni əmanət cəlbi kampaniyasına başlayıb. Bank "Yelo Sabit” məhsulu üzrə AZN valyutasında minimum 12 aylıq yerləşdirilmiş əmanətlər üzrə 12% gəlir vəd edir. Əmanətlər 3-24 ay müddətinə yerləşdirilə bilər. Müddətinin uzadılması isə avtomatikdir. 1000 AZN/USD-dən yuxarı əmanət yerləşdirilmiş müştərilərə hətta kart hədiyyə edilir.

Teleqraf.com xəbər verir ki, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir.

Bəzən hətta cəmi öhdəliklərin 80 faizinə qədər yüksəlir. Bu portfelin 60 faizini isə adətən hüquqi şəxslərin depozitləri təşkil edir. “Yelo Bank”ın rüblük hesabatlarının təhlili göstərir ki, maliyyə qurumu bir il ərzində əsas sabit müştərilərini - şirkətləri itirib. 2023-cü ilin sonundakı 720 milyon 595 min manata qarşı 204,09 milyon manat.

Bu ilin 9 ayında bankın depozit portfeli ilin əvvəlinə olan göstəricidən - 1 milyard 292 milyon manatdan 841 milyon 536 min manata düşüb. Maraqlıdır ki, bank paralel şəkildə fiziki şəxslərdən əmanət cəlbini artırmaqdadır. İlin doqquz ayında fiziki şəxslərdən əmanət cəlbi 67 milyon manat artırılıb. Hesabat dövrünə bankın öhdəliklərinin 637 milyon 497 milyon manatını fiziki şəxslərin əmanətləri təşkil edib. Bu da öhdəliklərin 61,13 faizi deməkdir.

Onu da qeyd edək ki, 18 aylıq müddətli manat depozitlərinin gəlirliyi hazırda üç əsas bankda yüksəkdir. Onlardan biri də “Yelo Bank”dır. Bank "Yelo Sabit” məhsulu üzrə AZN valyutasında minimum 12 aylıq əmanət yerləşdirilməsini təklif etsə də adətən müştəri pulunu 18 ay bankda saxlamağa razı salınır. Cari ilin yanvarından etibarən milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi vergidən azad edilib.

Başqa bir məqam bankın faiz xərclərinin yüksəlməsidir. 39 milyard 283 milyon 52 min manat faiz xərclərinin 35 milyard 384 milyon manatını depozitlər üzrə faizlər təşkil edir.

Bankın qeyri-faiz xərcləri isə ilin sonundakı 52 milyard 480 milyon manatdan 64 milyard 628 milyon manata yüksəlib. Qeyri-faiz xərclərinin artımı risklər yaradır. Konkret olaraq mənfəət marjasının azalmasını şərtləndirir. “Yelo Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları da 10 milyard 489 milyon manatdan 4 milyard 536 milyon manata düşüb. Nəzərə alsaq ki, “Ehtiyatlı bank” ehtiyat ayırmaları ilə tanınır, hər nə qədər məqsədli ehtiyatlar bankın müştərilərə verdiyi 897 milyon 898 min manatlıq kredit portfelini üstələsə də, azalma bankın mənfəəti ilə bağlı açıqladığı 4 dəfə artım statistikasını şübhə altına alır. Başqa tərəfdən bank maliyyə hesabatında balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlarını əks etdirmir. Bununla da bir növ bank aktivlərinin keyfiyyətinin yüksəlməsi və ya pisləşməsi ilə bağlı məlumatları cəmiyyətdən gizlətməyə çalışır.

Bu arada bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı ilin ikinci rübündəki 8,95 faizdən ilin üçüncü rübündə 9,95 faizə yüksəlib. Hesabat dövründə eləcə də I dərəcəli kapitalın adekvatlıq əmsalı 8.02 faizdən 7,64 faizə düşüb.

"Yelo Bank"ın pul vəsaitlərinin hərəkəti barədə hesabatı da ürəkaçan deyil. Sənədə əsasən Mərkəzi Bankda yerləşdirilmiş vəsaitlərində, mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkətində azalma baş verib.


Müəllif: İqtisadiyyat şöbəsi
phrase_var_article.chosen
25
teleqraf.com

1phrase_var_article.sources