Suriyada Suriya Milli Ordusu (SMO) və “Heyet Tahrir Şam” (HTŞ) kimi silahlı müxalif qruplar 61 illik Bəəs rejimini devirdikdən sonra ölkədən qaçaraq Moskvaya sığınan Bəşər Əsəd qarşısında Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulan qadağalar ortaya çıxıb.
Xarici media yazır ki, Putin sərt qadağalar müqabilində devrilmiş lider Əsədə sığınacaq verib. Bildirilir ki, Bəşər Əsəd və ailəsinin Moskvadakı yaşayış şəraiti Rusiyanın tətbiq etdiyi sərt nəzarət səbəbindən kifayət qədər məhduddur. Belə ki, Əsədə Rusiya hakimiyyətinin əvvəlcədən razılığı olmadan siyasi fəaliyyətlə məşğul olmaq və ya Moskvanı tərk etmək qəti qadağan edilib.
Müvafiq orqanlar tərəfindən qərar qəbul edilənə qədər Əsədin daşınar və daşınmaz əmlakına girişi və ya idarəsi qadağan edilib. İddialara görə, Bəşər Əsədin 270 kiloqram qızılı, 2 milyard dolları və Moskvanın nüfuzlu göydələnlər bölgəsində yerləşən “City of Capitals” kompleksində 18 mənzili var.
Bəşər Əsədin aktivləri və pula çıxışı da Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi imkanlarını xeyli məhdudlaşdırır və onların Moskvadakı həyatını daha da çətinləşdirir. Müşahidəçilərə görə, belə bir addım Əsəd ailəsinin maliyyə gücünü və gələcək təsirini məhdudlaşdırmaq üçün atılıb.
Bəşər Əsədin qardaşı Mahir Əsədə isə hələlik sığınacaq verilməyib. Hazırda o və ailəsinin ev dustaqlığında olduğu bildirilir.
TAHİR