“İlk dövrədə “Sumqayıt”a 0:2 hesabı ilə uduzduğumuz oyunu yaxşı xatırlayıram. Çempionat yeni başlamışdı, komandadakı futbolçuların çoxu yeni gəlmişdi. Lakin indiki vəziyyət fərqlidir”.
“Kəpəz”in kapitanı Yeqor Xvalko Sportinfo.az-a verdiyi açıqlamaya bu sözlərlə başlayıb.
Cümə günü Tovuzda baş tutacaq oyunda Gəncə təmsilçisi nominal meydan sahibi rolunda “Sumqayıt”ı qəbul edəcək.
Mövsümün gedişində baş məşqçi dəyişikliyi müşahidə olunan hər iki komandanın qələbəyə hava-su kimi ehtiyacı var.
Belaruslu müdafiəçi matçla bağlı bir məqama xüsusi diqqət yetirməyin vacibliyini qeyd etməklə yanaşı, heç-heçədən razı qalacaqlarını gizlətməyib:
“Çempionatın bütün oyunlarını diqqətdə saxlayıram. Sizə deyim ki, məşqçi dəyişikliyindən sonra “Sumqayıt” yaxşı sürət yığıb. Maraqlı və əzmkar futbol sərgiləyən rəqibə qarşı oynayacağıq.
Tovuzda qarşılaşmağımız bizim üçün üstünlükdür. Əminəm ki, azarkeşlər qarşılaşmadan zövq alacaq. Əsas odur matçın əvvəlində kobud səhvlərə yol verməyək. Bunu etsək, problem olmayacaq.
Məqsədimiz meydanı 3 xalla tərk etməkdir. Ancaq indiki durumda 1 xal da bizim üçün çox vacibdir”.
Dekabrın 20-də keçiriləcək oyun saat 16:00-da başlayacaq.
HƏBİB