AZ

“Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan”mövzusunda elmi-praktiki konfrans keçirilib

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olunub.

“Naxçıvan Palas”da davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Naxçıvan Azərbaycanın hüquqi dövlətçilik tarixində mühüm yerə malikdir. Lakin bu bir həqiqətdir ki, Naxçıvanın Azərbaycanın dövlət və hüquq tarixindəki yeri Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvanda Azərbaycanın dövlətçilik və hüquq tarixinə qızıl hərflərlə yazılan tarixi qərarlar qəbul edilib. Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ulu Öndər Naxçıvanda hüquq institutlarının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirib, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası təsdiq edilib. 

Səlahiyyətli nümayəndə bildirib ki, ötən 30 ilə yaxın bir dövrdə Naxçıvan Muxtar Respublikasında hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin təşkili üçün dövlət tərəfindən əlverişli şərait yaradılmasına baxmayaraq, ədalət mühakiməsinin səmərəliliyi qənaətbəxş olmayıb. Lakin Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq 2023-cü ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Ali Məhkəmədə kadr islahatları aparılıb. Artıq muxtar respublikada vaxtilə hüquqları pozulmuş vətəndaşların müraciətlərinə məhkəmələr tərəfindən ədalətli formada baxılır. 2023-cü il və 2024-cü ilin 11 ayında vaxtilə hüquqları pozulmuş sakinlər tərəfindən kompensasiya tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatına 1308 iş daxil olub, onlardan 683 iş üzrə iddia tələbi cavabdeh orqanlar tərəfindən təmin edildiyindən, 258 iş iddiaçılar tərəfindən iddia ərizələri geri götürüldüyündən icraatına xitam verilib, 66 iş mülkiyyət sənədləri olmadığından mümkün sayılmayıb, 301 iş isə hazırda icraatdadır. Ötən 2 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi rəhbəri tərəfindən qəbul edilmiş 106 hüquqi akta əsasən vaxtilə qanunvericilik normalarına zidd olaraq təsdiq edilmiş 94 hüquqi akt ləğv edilib, 135 hüquqi aktda isə dəyişikliklər aparılıb. 

Fuad Nəcəfli Ölkə Prezidentinin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi və hüquq islahatlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən işlərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bundan sonra da ardıcıl şəkildə yerinə yetiriləcəyini əminliklə diqqətə çatdırıb, bu yolda hər kəsə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi çıxışında qeyd edib ki, Naxçıvanın muxtariyyəti dövründə muxtar respublikanın məhkəmə-hüquq sistemi uzun tarixi inkişaf yolu keçib, bu tarix Naxçıvan Muxtar Respublikasının, bütövlükdə Azərbaycanın tarixi ilə sıx bağlı olub, ölkənin və muxtar respublikanın müxtəlif zaman kəsiyində yaşadığı dövrü özündə əks etdirib.

Səadət Bəktaşi bildirib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi, iqtisadi, mədəni islahatlarla yanaşı, genişmiqyaslı hüquq islahatlarının da aparılmasına start verildi. 1991 -ci ildə SSRİ-nin süqutu, Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi məhkəmə quruluşunun, ədalət mühakiməsi qaydalarının daha geniş və köklü şəkildə dəyişdirilməsini tələb edən islahatların aparılmasını zəruri edirdi. Bu islahatların bünövrəsində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dayanır.

Ali Məhkəmənin sədri vurğulayıb ki, ölkədə aparılan islahatlar Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən mərhələlərlə davam etdirilib. Bir tərəfdən qanunvericiliyə gətirilən yeniliklər, digər tərəfdən isə məhkəmələrin maddi təminat məsələlərinə göstərilən diqqət, o cümlədən hakimlərin, məhkəmə personalının iş şəraitinin müasir meyarlar səviyyəsinə çatdırılması muxtar respublikada fəaliyyət göstərən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi üzrə vəzifələrin keyfiyyətlə yerinə yetirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiə olunmasına xidmət edir.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikanın son 100 ildə keçdiyi yolun tarixi və siyasi detalları barədə mühüm məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Baş Prokuroru Sənan Paşayev muxtar respublikanın hüquq-mühafizə orqanlarının inkişaf tarixi barədə məlumat verib.

Konfransda həmçinin Naxçıvan Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyevanın və Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın çıxışları dinlənilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, Naxçıvan Yazıçılar Birliyinin üzvü Məftunə Hüseynbəyli “Naxçıvan” poemasından bir parça səsləndirib.

Səbuhi HƏSƏNOV

XQ-nin bölgə müxbiri

 

 

 

 

Seçilən
15
2
xalqqazeti.az

3Mənbələr