Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” söküləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, bazarın sökülməyinin səbəbi yeni yol tikintisidir: “Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir”.
Qurum qeyd edir ki, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Bazarda fəaliyyət göstərən satıcılar isə Turana bildirib ki, onlara bazarın tərk edilməsi ilə bağlı xəbər iki gün əvvəl verilib: “Düzdür, 10 il əvvəl bazarın nə vaxtsa söküləcəyi ilə bağlı söhbət var idi. Amma indi bizə bu barədə 2 gün əvvəl deyiblər ki, yığışın gedin, yanvarın 1-dən sökülür. Burada işləyənlərin hamısının alacağı var, verəcəyi var, birdən birə qapını bağlayıb yola salmaq düzgün deyil”, - bazarda meyvə satıcılığı ilə məşğul olan Şahverdiyev Azər deyir.
O, yolun tikintisinin vacib olduğu ilə razılaşır, amma qənaətinə görə, bazarda işləyənlərə 3-4 aylıq möhlət verilməli idi.
AAYDA-nın açıqlamasına görə də yol tikintisi ilə əlaqədar bazar yanvarın 1-ə qədər boşaldılmalıdır.
Amma agentlik vurğulayır ki, bazar rəhbərliyinə hələ aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib: “Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın”.
Eyni zamanda AAYDA-dan Turana əlavə olaraq bildirilib ki, bazarın icarədarları üçün başqa yerin ayrılması nəzərdə tutulmayıb: “Biz o işlə məşğul deyilik. Agentlik yolun tikintisi və bununla əlaqədar söküntü ilə məşğuldur. Digər məsələləri bazar rəhbərliyi bilər. Yəqin ki, bazar rəhbərliyinə kompensasiya ödənilib, o da bu kompensasiya ilə razıdır və söküntüsü işləri həyata keçirilir”.
“Keşlə Bazarının” nəzarətçisi Zeynalov Sərvər isə Turana bildirib ki, bazar sahibləri üçün heç bir kompensasiya nəzərdə tutulmayıb.
Bazarın nümayəndəsi qeyd edib ki, onlar bazarın sökülməsi ilə bağlı xəbəri alan kimi icarədarlara bu barədə xəbərdarlıq ediblər: “Hamıya da Bakıda yerləşən başqa-başqa bazarlarda yer veriləcək, heç bir problem yoxdur. İnsanlar yersiz qalmayacaq”.
Satıcıların sözlərinə görə isə onlara başqa yerə köçürülməsi ilə bağlı heç bir məlumat verilməyib: “17 ildir bu bazarda işləyirəm. İstəyirəm bizə yer versinlər, gedək işləyək. Qobustandan bura gəlirəm, bu qədər malı nə edim mən. Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız”, -satıcılardan biri deyir.
Bazarda balıq satışı ilə məşğul olan satıcılar bazarın söküntüsündən ciddi ziyana düşdüyünü da qeyd ediblər: “30 ildir bu bazarda işləyirik, indi bizə deyirlər ki, 10 gün vaxt veririk, çıxın. Bizə heç olmasa 2-3 ay vaxt verməli idilər. Bizdən də hər gün yer pulu alıblar, su, işıq pulunu da vaxtında ödəyirik. Dünən gəlib deyiblər bəs, yer pulu istəmirik, bazar da bağlanır. Biz bununla çox ziyana düşürük. Misal üçün, bizə 2500 manata soyuducu aldırıblar, indi biz bunu hara aparaq? Bundan əlavə hər stola görə gündəlik 15 manat pul veririk, su pulu da 70-100 manat yazır. Bu bazarda 2 min adam işləyir, onların da ailələri var. İndi bu boyda adamı ortalıqda qoyublar”.