AZ

63 illik tarixi olan Tovuz məktəbi niyə indiyədək QAZLAŞDIRILMAYIB?

Ötən gün Tovuzun Aşağı Quşçu kəndində yerləşən 1 saylı tam orta məktəbdə qızdırıcı sobanın tüstüsündən çoxu şagird olmaqla 71 nəfər zəhərlənmişdi. Məktəbdəki sobalar pelet yanacağı ilə işləyir. Fotolardan da görünən odur ki, məktəb təmirsizdir, hissdən məktəbin çöl divarları qaralıb, və şagirdlər şəraitsiz mühitdə təhsil alırlar.

Qeyd edək ki, Aşağı Quşçu kəndində yerləşən 1 saylı tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Təhsil müəssisəsinin qızdırılması isə kustar üsulla, yəni odun və taxta parçaları hesabına qızdırılır.

Məktəbin tüstü bacası və ya bacaları vaxtında təmizlənirmi, pelet dediyimiz sobalar nə qədər təhlükəsiz və etibarlıdır?

Rəsmi qurumlar təəssüf ki, xoşagəlməz hadisələr yaşananda, sadəcə hadisə baş verən məkana baxış keçirməklə fəaliyyətlərini bitmiş hesab edirlər. Amma problemin nə əsl kökü araşdırılır, nə də alternativ çıxış yolları üçün tədbirlər görülür.

Ötən günkü hadisədə də Qazax-Tovuz Regional Təhsil İdarəsi sadəcə sobalara baxış keçirmək və hadisə günü baş verən problemi aradan qaldırmaqla  işlərini yekunlaşdırıblar. “Azəriqaz” istehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyindən isə kütləvi zəhərlənmə baş verən təhsil müəssisəsinə nə gələn, nə də məsələni nəzarətdə saxlayan olub.

Bir sözlə qorxunc hadisənin təkrarlanmaması üçün məktəbin təhlükəsiz və təməlli istiliklə təmin olunması məsələsi hələki açıq qalır.  

“Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin Bizim.Media-ya verdiyi açıqlamaya görə, sözügedən məktəbdə heç vaxt qaz olmayıb.

“Tovuzun Aşağı Quşçu kəndində qaz var. Amma bu orta məktəbin heç vaxt qazı olmayıb. Təhsil idarəsinin hər il qış üçün verdiyi odunla isitmə problemlərini həll edirlər. Məktəbin qazanxanalarının qazlaşdırılması üçün müvafiq sənədlərlə təhsil sistemi “Azəriqaz” İB-ə müraciət edir, bütün sənədlər qaydasında olduğu halda “Azəriqaz” İB texniki şərt hazırlayıb 20 iş günü müddətinə təqdim edir ki, həmin texniki şərt əsasında qazanxanaya qazın verilişi təmin olunsun. Amma müvafiq sənədlərlə “Azəriqaz” İB-ə qazlaşma ilə bağlı müraciət daxil olmayıb”.

Təhsil Nazirliyi niyə məktəbin qazlaşdırılması üçün müraciət etməyib?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablayan Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəb binasının hazırda layihələndirilməsi işləri aparılır. Növbəti illərdə məktəb binasının yenidən tikintisi və istilik təminatının mavi yanacaqla həyata keçirilməsi nəzərdə tutulub.

Nuray, Bizim.Media

phrase_var_article.chosen
21
bizim.media

1phrase_var_article.sources