“Suriyanın bərpası üçün beynəlxalq yardım vacibdir”.
Yenicag.az xəbər verir ki, bunu hakimiyyət dəyişikliyindən sonra Suriyanın necə canlanacağından danışan analitik Viktor Trikuad deyib.
Onun sözlərinə görə, 2019-cu ildən bəri Suriyada hökm sürən ağır böhran vəziyyəti yaxın aylarda da davam edəcək.
“Uzun illər davam edən avtoritar hakimiyyət ölkənin iqtisadi inkişafına mənfi təsir etdi. Nəticə etibarilə, məhsuldarlıq da minimuma düşdü. Hazırda Suriyanın bərpası üçün əsas amil beynəlxalq yardımın təmin edilməsidir. Eyni zamanda, sanksiyalar ləğv, yaxud yumşaldıla da bilər. Bu addım xarici kapitalın yenidənqurma işlərini maliyyələşdirməsinə imkan verəcək”.
Analitik əlavə edib ki, yeni hökumət üçün ən vacib məsələ ictimai xidmətlərin və təhlükəsizliyin davamlılığının təmin edilməsidir:
“Yanaşı olaraq iqtisadi fəaliyyət davam etdirilərək, inkişafa istiqamətlənməlidir. Müvəqqəti hökumət vergitoplama mexanizmlərini yenidən qurmalı və korrupsiyanı azaltmalıdır. Belə olarsa, gömrük rüsumlarından əhəmiyyətli gəlir əldə olunacaq. Keçid nizamlı şəkildə davamlı olarsa və sanksiyalar ləğv edilərsə, böyük imkanlar yaranacaq. Suriyanın yenidən qurulmasında iştirak etmək istəyən regional qurumlar da bu imkanlardan faydalana biləcəklər”.
Nəsimi Ələsgərli