Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarının, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 41 komandanın 200 (178 kişi, 22 qadın) idmançısı qüvvəsini sınayıb. 6 gün davam edən turnirin son günündə kişilər arasında 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyiblər.
Həlledici döyüşlərdə qalib gələn Sübhan Məmmədov, Yadigar Əliyev, Amin Məmmədzadə, Ömər Aslanlı, Maqsud Xasmetov, Malik Həsənov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Rasim Çobanlı, Murad Allahverdiyev, Seyid Seyidov, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.
Turnirdə komanda hesabında “Neftçi” İdman Klubu 60 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (19) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Sübhan Məmmədov layiq görülüb. Qalib Əbiyev isə ən yaxşı hakim seçilib.
Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.