AZ

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Ağdaşda vətəndaşlarla görüşüb

Bakı, 20 dekabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli dekabrın 20-də Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdaş rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə, subsidiyanın alınması və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

A.Cəfərli vətəndaş qəbulu başa çatdıqdan sonra Ağdaş DAİM-in kollektivi ilə görüşərək, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra rayonun Korarx kəndində intensiv və superintensiv armud, xurma, gavalı, nektarin və gilas bağlarına baş çəkən Aparat rəhbəri bağlarda görülən işlərin gedişi ilə maraqlanıb.

Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

 

Seçilən
23
13
azertag.az

10Mənbələr