AZ

Vaqif Cavadov və Azər Bağırovdan Tovuzdakı heç-heçəyə şərh

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz (0:0) bitən oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və gərgin oyunun şahidi olduq. Komandamdan çox razıyam. İlin son oyunudur. Bu istəklə oynamaq məni sevindirir. İnanıram ki, bu istəklə, bu oyunla daha yaxşı nəticələr əldə edə bilərik. Oyunun əvvəlində futbolçularda özünəinam az idi. Amma buna baxmayaraq, yaxşı hücumlarımız oldu. Futbol oynaya bilirik, komanda hücuma çıxmağı bacarır. Sadəcə, son nöqtəni qoya bilmədik. Meydança amili, ilin son matçının olması da təsir edə bilər. Ümumi götürəndə, komandadan razıyam. Futbolçularıma təşəkkür edirəm”.

Vaqif Cavadov “Sumqayıt”ın bir neçə futbolçusunun adının “Neftçi” ilə birgə hallanmasına da münasibət bildirib:

“Komandadan futbolçu gedirsə, bu, hər məşqçini narahat edə bilər. Amma futboldur da. Müqaviləsinin müddəti bitən futbolçuların gedişinə normal baxmalıyıq. Biz də kimlərisə transfer edirik. “Neftçi” kimi komandanın bizim oyunçuları istəməsi xoşdur. Hər futbolçumuzun arxasındayıq. Onların heç birinin gedişini istəmirik. Elə də geniş heyətimiz yoxdur ki, kimlərisə icarəyə göndərək. Amma bəziləri gedə bilər. Mən “Sumqayıt”da olduğum müddətdə futbolçuların inkişafı üçün onlara hər cür kömək edəcəyəm”.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə heç-heçəyə belə şərh verib:

“Futbolun yazılmayan qaydaları var. Son matçlarda komanda yaxşı oynayır. Sadəcə, qələbə qazana bilmirik. Bu gün meydanda “Kəpəz” var idi. Hər iki hissədə qol epizodlarımız oldu. Çox təəssüf ki, qalib gələ bilmədik. İrəliyə baxmalıyıq. Bizi qarşıda çox çətin iki dövrə gözləyir. Qışda yaxşı seleksiya işi aparmalıyıq. Hazırkı büdcəmizlə heyətdə böyük dəyişikliklər etmək mümkün deyil. Sadəcə, 3-4 futbolçunu dəyişmək istəyirik. Bu yöndə işlərimiz gedir. Əsasən də qol hissiyyatı olan futbolçular axtarırıq. Bəkə də çempionatda heç kimin bizim qədər qol epizodu olmur. Amma dəyəndirə bilmirik. Buna görə də heyfslənirik.

Altıncı turdan “Kəpəz”dəyəm. İlk 3-4 turda axsamalar oldu. Ondan sonra komanda nə istədiyimizi bilirdi. Məncə, bu heyətlə nəticələrimiz qənaətbəxşdir. Daha yaxşısını etməyə çalışacağıq”.

phrase_var_article.chosen
9
arena.az

1phrase_var_article.sources